“Qarabağ Azərbaycandır” sözləri bu gün Azərbaycanda ən geniş yayılmış ifadədir. Heydər Əliyev Beynəlxalq aeroportunun binasındakı böyük ekranlarda yazılıb: “Qarabağ Azərbaycandır”. Şəhərin küçələrindəki reklam şitlərində deyilir: “Qarabağ Azərbaycandır”. Yollarda şütüyən reys avtobuslarının marşrut tablolarında yazılıb: “Qarabağ Azərbaycandır”.
Rusiyada nəşr edilən “Kommersant” qəzetində Aleksey Naumovun “Qaliblərin müharibədən sonrakı şoku. Azərbaycan müasir tarixdə ən iri hərbi qələbəyə öyrəşməyə çalışır” sərlövhəli məqaləsi dərc olunub.
AZƏRTAC həmin məqaləni təqdim edir.
X X X
Qarabağ həmişə Azərbaycanın ərazisi olub. Təkcə hüquqi mənada deyil, rəmzi mənada da belə olub: yerli mətbəələrdə mütəmadi olaraq müvafiq xəritələr çap edilib, “Şuşa” və ya “Ağdam” sözləri yazılmış yol nişanları uzun illər boyu öz yerində qalıb və səylə təzələnib.
Vəziyyət barədə əcnəbilərə də məlumat verilirdi: məsələn, Bakı bank terminallarının ekranlarında respublika ərazisinin 20 faizinin işğal edilməsi barədə ingilis dilində məlumat verilirdi. Bakının xarici aləmlə əlaqələri də əsasən Qarabağ problemi və “Dağlıq Qarabağ erməniləri”nin nəzarəti altında olan rayonları Azərbaycana qaytarmağa çağıran BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi üzərində qurulmuşdu.
Böyük mağazaların vitrinlərində, küçələrdə şaurma satılan balaca köşklərin pəncərələri arxasında, təmtəraqlı şirkətlərin binalarında da bu yaxınlarda başa çatmış müharibənin və bu müharibədə müzəffər qələbənin izlərini – Azərbaycan torpağı uğrunda döyüşə yola düşən əsgərlərin hərbi formada çəkilmiş fotoşəkillərini görmək olar.
Ölkənin yerli sakinlərinin şəkilləri ilə yanaşı sarışın saçlı oğlanların şəkilləri də tez-tez rast gəlir. “Kommersant” nəşrinin şərhçisi “Azərbaycan İctimai Televiziyası”nın binasında fəxri stenddə bir nəfərin fotoşəklini göstərərək dedi: “Bu, Dmitri Markovdur”. Başqa etnik qrupların nümayəndələrinin yerli KİV-lərdə xüsusi fərqlənməsini demək düz olmazdı, lakin belə qonşuluq ölkədə bəyan edilmiş beynəlmiləlliyin ən yaxşı təsdiqidir.
Yaxın vaxtlarda baş vermiş hadisələrə daha bir sübut – küçələrdə və balkonlarda çoxsaylı bayraqlar asılmasıdır. Bu ölkədə artıq bir neçə ildir ki, Azərbaycan bayraqları asılır, amma Türkiyə bayraqlarının çoxu Qarabağ müharibəsində Türkiyənin qətiyyətli dəstəyindən sonra görünməyə başlayıb. Bəzən bu iki bayrağa Pakistanın bayrağını da əlavə edirlər və üzərində aypara şəkli çəkilmiş üç bayraq bir növ siyasi triptix təşkil edir. “Kommersant” qəzetinin apardığı rəy sorğusunda iştirak etmiş Bakı sakinləri xatırlayırlar ki, Rusiyanın fəal iştirakı ilə Qarabağda vəziyyət nizamlanandan sonra postsovet tarixində ilk dəfə Bakı küçələrində Rusiya Federasiyasının bayraqları da görünüb.
Müharibə artıq keçmişdə qalıb: Ermənistan tərəfinin “Dağlıq Qarabağın təhlükəsizlik kəməri” adlandırdığı yeddi Azərbaycan rayonu Bakının nəzarəti altına qaytarılıb. Bu quru rəqəmlərin arxasında 7,5 min kvadratkilometr ərazi dayanır. Vaxtilə həmin ərazilərdən qaçmağa məcbur olmuş 600 mindən çox insan sonradan ölkənin digər regionlarında məskunlaşıb.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov “Kommersant” nəşrinin müxbirinə bildirib ki, ölkə rəhbərliyi torpaqların yenidən inteqrasiya edilməsi üçün genişmiqyaslı işə başlayıb. “Prezident Administrasiyasının rəhbəri başda olmaqla 17 işçi qrupdan ibarət bütöv bir qərargah işləyir”, - deyən cənab İmanovun sözlərinə görə bu, çox mürəkkəb məsələdir, çünki ərazinin xeyli hissəsi minalanıb. Yolları nisbətən qısa müddətdə təmizləmək mümkündür, amma bütün torpaqların, o cümlədən əkin yerlərinin minalardan təmizlənməsi üçün illərlə vaxt lazım gələ bilər. Müharibədən əvvəl yerli əhalinin 60 faizinin əkinçiliklə məşğul olduğunu nəzərə alsaq, bu, son dərəcə əhəmiyyətli məsələdir.
Azərbaycan rəhbərliyi ərazilərin bərpası zamanı məhz repatriasiyaya, yəni müharibəyə qədər orada yaşamış insanların və onların övladlarının bu torpaqlara qaytarılmasına üstünlük verməyi qərara alıb. Nazim İmanov bu fikri dəqiqləşdirərək deyib: “Biz oraya 1 milyon insanın qayıdacağını nəzərdə tuturuq. Yaşayış məntəqələri iriləşdiriləcək, iqtisadiyyatın informasiya texnologiyaları kimi müasir sektorları inkişaf etdiriləcək”.
Onu da qeyd etmək lazımdır ki, cənab İmanov işğal altında olan ərazilərin iqtisadiyyatının bərpası məsələsini İkinci Qarabağ müharibəsindən xeyli əvvəl öyrənib və bu mövzuda kitab yazıb. Müzəffər Azərbaycan Ordusunun qələbəsindən sonra N.İmanovun ekspertizası əvvəllər görünməmiş dərəcədə əhəmiyyətli olub. Onun hesablamalarına görə, azad olunmuş torpaqların bərpası üçün 10 il ərzində zəruri investisiyaların həcmi 60 milyard dollara çata bilər. Hazırda Azərbaycanın ümumi daxili məhsulunun həcminin təqribən 48 milyard dollar olduğunu nəzərə alsaq, bu, fantastik məbləğdir. İqtisadçı alim deyib: “Bu məbləğin yalnız dövlət investisiyası olması zəruri deyil. Oraya ayrı-ayrı fiziki şəxslər də, Azərbaycana dost olan Türkiyə və Rusiya kimi dövlətlər də sərmayə qoya bilərlər”.
Rəsmi hakimiyyət orqanları onların qarşısına qoyulmuş iqtisadi məsələləri müzakirə edərkən daha təmkinli mövqe tuturlar. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov rusiyalı jurnalistlərlə söhbətində deyib: “2021-ci ilin büdcəsində bu məqsədlə təqribən 2,2 milyard manat və ya təqribən 1,3 milyard dollar nəzərdə tutulub”. Nazirin sözlərinə görə, Azərbaycanın ehtiyatları sosial ödənişləri və ya digər mühüm dövlət xərclərini azaltmadan reinteqrasiya məsələsini səmərəli həll etməyə imkan verir.
Cənab Cabbarov qeyd edib ki, Azərbaycanın hakimiyyət orqanları işğaldan azad olunmuş əraziləri fəal inkişaf etdirmək, dağ-mədən sənayesi, kənd təsərrüfatı, turizm və yükdaşımalar kimi sahələr üzərində diqqəti cəmləşdirməklə özəl investisiyaları cəlb etmək niyyətindədir. Nazir belə bir ideya da səsləndirib ki, normal iqtisadi fəaliyyətin bərpası regiondakı bütün dövlətlərin, o cümlədən Ermənistanın da xeyrinə olar.
Ümumiyyətlə, “Kommersant” nəşrinin Bakıda apardığı müsahibələrin iştirakçıları ümumi fayda və qarşılıqlı mənfəət ideyası barədə tez-tez danışırdılar. Özü də bu ideya həm iqtisadiyyata – regionun normal fəaliyyətinin bərpasına, həm də siyasətə aiddir.
Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov deyib: “Azərbaycan rəhbərliyinin həm müharibə dövründə, həm də üçtərəfli Bəyanatın razılaşdırılması prosesində fəaliyyəti bir daha təsdiq etdi ki, əvvələn, Bakı qərarlar qəbul edilməsində müstəqildir və ikincisi, məsuliyyətli və hərəkətləri proqnozlaşdırıla bilən tərəfdaşdır”. O vurğulayıb ki, Bakı beynəlxalq hüququn, regional tərəfdaşların mənafelərinin nəzərə alınmasının tərəfdarıdır.
Diplomat daha sonra deyib: “Məhz Prezident İlham Əliyevin etibarlı və ölçülüb-biçilmiş xarici siyasət kursunun sayəsində Azərbaycan bu müharibədən sonra mühüm geosiyasi aktorların, ilk növbədə Rusiyanın və Türkiyənin regional əməkdaşlığı üçün unikal məkana çevrilir. Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin uğurlu fəaliyyətə başlaması bu fikri əyani şəkildə təsdiqləyir. Bu mərkəz Qarabağda uzunmüddətli sülhün mühüm elementi olmaqla bərabər, həm də daha geniş geosiyasi kontekstdə etimad amilidir”.
Nəşrin müsahibləri vurğulayıblar ki, Bakı Rusiya və Türkiyə ilə üçtərəfli qarşılıqlı fəaliyyətdə tərəfdaş rolunu yüksək qiymətləndirir və bu, heç kəsdən asılı vəziyyətə düşmədən, öz suverenliyini qurban vermədən regiondakı iki güclü aktor ilə uğurlu iş qurmağa imkan verir. Bundan əlavə, onlar qeyd ediblər ki, Suriya və ya Liviya barədə qarşılıqlı fəaliyyət üçün səciyyəvi olan rəqabət, qarşıdurma kimi aspektlər Moskva ilə Ankaranın qarşılıqlı fəaliyyətində “Azərbaycan keysi”nə xas deyil.
Bakıdan Tərtərə avtomobillə getmək üçün təqribən 4 saat vaxt lazımdır. Vaxtilə cəbhəyanı şəhər sayılan Tərtərin mərkəzi küçəsi göz oxşayır, lakin zahirən cəlbedici binaların demək olar ki, hər birinin zirzəmisində bomba sığınacaqları, sadə çarpayılar, taxta stullar, naqillərdən asılmış elektrik lampaları diqqəti cəlb edir. Yerli administrasiya binasının girəcəyində bütün şəhərdən toplanmış raket qırıntıları yığılıb. Müharibə dövründə döyüş sursatlarını fərqləndirməyi öyrənmiş yerli sakinlər deyirlər: “Balaca raketlər “Qrad”, böyük raketlər “Smerç”dir”.
Şəhərin hakimiyyət orqanları burada müharibə muzeyi yaratmağa hazırlaşır. Həmin muzey üçün rayondan gətirilmiş birinci eksponat – üzərində partlamamış “Smerç” raketinin səliqə ilə yerləşdirildiyi taxta stol artıq hazırdır. Müharibənin bu əyani sübutunun gətirildiyi Tərtər rayonu da atəşə tutulmaqdan zərər çəkib: Qarabağ qaçqınları üçün tikilmiş evlərin bir qisminin pəncərə çərçivələri çıxarılıb, bəzi yerlərdə bütöv məhəllələr dağıdılıb, divarlarda mərmi qəlpələri qalıb. Məktəblərə də ziyan vurulub: mərmilər məktəb binalarının damlarını dağıdıb, sinif otaqları məhv edilib. Yerli hakimiyyət orqanları təmir işlərinə başlayıblar, yerli sakinlər isə ümid edirlər ki, şəhər daha heç vaxt atəşə tutulmayacaq.
Sakinlər təəccüblə soruşurlar: Bu şəhərdə hərbi hədəflər yox idi, yaxınlıqdakı bütün yüksəkliklərə erməni silahlı qüvvələri nəzarət edirdi, onlar haraya atəş açdıqlarını yaxşı görürdülər, bəs kəndlərə atəş açmaq nəyə lazım idi? Bu suallara cavab verən yoxdur. Ona görə də azərbaycanlılarla ermənilərin tezliklə barışacağının reallığına inam çox zəifdir.
Qarabağın dağlıq və aran hissələrinin sərhədində yerləşən, bir vaxtlar çox zəngin olmuş Ağdam şəhərinə yaxınlaşdıqca bu inam tamam heçə enir. Oraya getmək asan deyil, rayonda mülki administrasiya hələ bərpa olunmayıb, polis bizi hərbi əks-kəşfiyyat xidmətinin qayğıkeş əməkdaşlarına təhvil verir. Bizim mikroavtobus hərbi “Niva” avtomobilinin ardınca gedir. Yolsuzluq şəraitinə uyğunlaşdırılmış “Niva” istehkamçılar tərəfindən hələ tədqiq edilməmiş sahələrdən yan keçməklə şütüyür. Bizim avtomobilin salonunda əyləşmiş əsgərin əlində köhnə AKC-74U silahı var.
Bu gün Ağdam antiutopiya filmi üçün çəkilmiş dekorasiyaya, Curiosity marsoxodundan çəkilmiş fotoşəkillərə, Çuryumov – Gerasimenko kometlərinə və daha nələrə oxşayır, amma Qarabağın incisinə, vaxtilə bütün SSRİ-də məşhur olan portveynin vətəninə oxşamır. Şəhərdə salamat qalmış yeganə bina Ağdam məscididir. Ağdamı işğal etmiş ermənilər bu binadan artilleriya zərbələri endirilməsi üçün nişangah kimi istifadə edirdilər. Uçmuş binaların, məsələn Çörək Muzeyinin qalıqları altında bəzən Azərbaycan dilində kiril əlifbası ilə yazılmış pannolar görünür. Belə qalıqların birində “Konstitusiyası” sözünü çətinliklə də olsa oxuya bildik. (Görünür, həmin pannoda 1978-ci il sovet Əsas Qanununun üstünlüklərindən bəhs edilirmiş).
Birinci Qarabağ müharibəsi zamanı Ağdam şəhərinin çox zərər çəkmədiyini, erməni silahlı qüvvələri tərəfindən şəhərin döyüşsüz təhvil verilməsini nəzərə alsaq, buradakı dağıntıların miqyası sarsıdıcı təsir bağışlayır. Binalar dağıdılıb, ağaclar məhv edilib, tarlalar yandırılıb. Şübhə yoxdur ki, Bakı “DQR-in təhlükəsizlik kəməri”ni sivil görkəmə qaytarmaq üçün hələ uzun müddət çalışmalı olacaq.
Hələlik çox cansıxıcı olan bu mənzərədə yeganə sabitlik adacığı Rusiya-Türkiyə monitorinq mərkəzinin ərazisidir. Azərbaycan hakimiyyət orqanları tərəfindən zərgər dəqiqliyi ilə qurulmuş bu ərazi “güzgü” siyasətinə tam müvafiqdir. Şəhərcik hər mənada bərabər olan iki hissəyə bölünüb. Bu bölgü tərəflərin bərabərhüquqlu və eyni dərəcədə yüksək hörmət sahibi olduqlarını göstərir.
Sov.İKP MK-nın Baş katibi Leonid Brejnevin məşhur “Azərbaycan iri addımlarla irəliləyir!” kəlamını bu günə də aid etmək olar.
Qarabağ müharibəsində qələbə qazanmış, regionun nüfuzlu dövlətlərindən biri kimi özünü təsdiq etmiş Bakı həm Rusiyanın, həm Türkiyənin, həm də regiondakı digər dövlətlərin əsas və ən mühüm tərəfdaşı statusunu tam təsdiqləyərək bir növ “Cənubi Qafqazın İsveçrəsi”nə çevrilib. Bu, ardıcıl taktikadır: Bakıda bunu xatırlatmağı xoşlayırlar ki, Rusiyanın və NATO-nun ali rütbəli hərbi məmurlarının görüşləri məhz Azərbaycanın paytaxtında keçirilir. Bu taktika həm diplomatik formada, həm də torpaqların qaytarılması şəklində real səmərə verir.