Oktyabrın 22-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. İclası komitə sədri Siyavuş Novruzov açıb.
AZƏRTAC xəbər verir ki, komitə sədri rəşadətli Azərbaycan Ordusunun yüksək döyüş hazırlığından danışıb. Bildirilib ki, Azərbaycan əsgəri böyük şücaət nümayiş etdirərək Dağlıq Qarabağda hərbi baxımdan əhəmiyyətli yüksəklikləri ələ keçirib, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini mərkəzlərini və bu rayonların bir sıra kəndlərini işğaldan azad edib.
Siyavuş Novruzov işğal altındakı torpaqlarımızı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcəyinə əmin olduğunu vurğulayıb. Hər gün yeni-yeni torpaqlarımız işğaldan azad edilir, Azərbaycan əsgərinin cəbhədə tarix yazmasının şahidi oluruq. Bu, böyük qələbədir. Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsi haqq mübarizədir.
Sonra Siyavuş Novruzov iclasın gündəliyi barədə məlumat verib. Qeyd olunub ki, gündəliyə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanun layihəsi” daxil edilib. Layihəyə əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbəsi inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılır. Bildirilib ki, Ermənistan torpaqlarımızı işğal etməklə, xalqımıza qarşı soyqırımı törətməklə yanaşı, yerli toponimləri də dəyişdirərək cinayətə yol verib. Hazırda qüdrətli Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa edir, haqq-ədalət öz yerini tapır.
Azad edilmiş torpaqlarımızdakı yaşayış məntəqələrinin öz tarixi adlarının qaytarılması mühüm siyasi, hüquqi və mənəvi əhəmiyyət daşıyır. Yer adlarımıza qarşı törədilən erməni saxtakarlığı aradan qaldırılır. Coğrafi ərazi baxımından Qarabağda Çinar ağacları geniş yayılıb. Bu baxımdan Xocavənd rayonun Vəng kəndinin adının Çinarlı adlandırılması məntiqlidir.
Sonra Milli Məclis yanında Toponimiya komissiyasının sədri İsa Həbibbəyli, Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, deputatlar Tahir Rzayev, Səttar Möhbalıyev, Nizami Cəfərov, Emin Hacıyev, Cavid Osmanov və Aqil Məmmədov çıxışlarında Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla bağlı fikirlərini bölüşüblər. Deputatlar bu haqq işində şanlı Ordumuza uğurlar diləyib, müzakirə olunan məsələyə münasibət bildiriblər.
İclasın sonunda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.