“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Babək rayonunda da uğurla icra olunur, kompleks-quruculuq tədbirləri həyata keçirilir. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, Babək rayonunu da müasir yaşayış məntəqəsinə çevirib, məskunlaşma artıb, rayon mərkəzi və kəndlər böyüyüb. Bu il Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilib. Rayonda sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının sayının artması istehsal olunan məhsulların satışını da zərurətə çevirib, Babək şəhərində müasir bazar kompleksi tikilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, dekabrın 17-də Babək şəhərindəki yeni bazar kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov deyib ki, Babək rayonu son 25 ildə böyük inkişaf yolu keçib, yenidən qurulub. Göstərilən diqqət və qayğı sayəsində rayonda bütün infrastruktur yaradılıb. Bu gün isə Babək şəhərində bazar kompleksi tikilib əhalinin istifadəsinə verilir. Rayon sakinləri indiyədək istər istehsal etdikləri məhsulları satmaq, istərsə də lazım olan zəruri məhsulları almaq üçün Naxçıvan şəhərindəki bazarlara üz tuturdular. Yeni bazar kompleksi bu sahədə rayon əhalisinə hərtərəfli xidmət göstərəcəkdir. Rasim Hüseynov yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Babək şəhərində bazar kompleksi istifadəyə verilir. Yeni kompleksdən bütün şəhər sakinləri istifadə edəcəklər. Babək rayonu 1978-ci ildə Ulu Öndərimizin qərarı ilə yaradılıb. Ötən dövrdə rayon böyük inkişaf yolu keçmiş, 2008-ci ildə 30, 2018-ci ildə 40 illiyi qeyd edilmiş, yubileylərlə bağlı tədbirlər planları hazırlanaraq icra olunmuşdur. Həyata keçirilən tədbirlər və əldə olunan inkişaf Babək qəsəbəsinin şəhərə çevrilməsinə zəmin yaratmışdır. Ona görə də Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Babək qəsəbəsinə şəhər statusu verilmişdir. Bu gün Babək Azərbaycanın müasir şəhərləri sırasına daxil olmuşdur. Bütün bunlar inkişafın göstəricisidir.
“Şəhər o yerdə yaradılır ki, orada inkişaf olsun, yenidənqurma işləri aparılsın və ərazidəki infrastruktur şəhərin tələblərinə cavab versin”, - deyən Ali Məclisin Sədri bildirib ki, ötən dövrdə görülən işlər Babək qəsəbəsinin şəhər statusu almasına imkan verdi. Babəkə şəhər statusu verilən zaman bazar kompleksinin qurulması da qərarlaşdırıldı və ərazi seçildi. Hazırda Babək rayonunda 5 min 900-ə yaxın sahibkarlıq subyekti fəaliyyət göstərir. Yeni bazar kompleksində sahibkarlıq müəssisələrinin, ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların satışı, kənd təsərrüfatı məhsulları yarmarkalarının keçirilməsi üçün hərtərəfli şərait vardır. Artıq sakinlər rayonda istehsal olunan məhsulları Naxçıvan şəhərinin bazarlarından deyil, Babək şəhərində fəaliyyət göstərən bazardan alacaqlar. Kompleksin tikilməsi üçün seçilən ərazi sakinlərin buraya rahat gediş-gəlişinə də təminat verir. Bazar kompleksi uzun illər sakinlərə xidmət edəcəkdir. Onlar burada həm məhsullarını satacaq, həm də gündəlik tələbatlarını ödəyəcəklər. Həmçinin bazar kompleksi yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin olunmasına da töhfə verəcəkdir.
Ali Məclisin Sədri kompleksin qurulmasında əməyi olanlara təşəkkür edib.
Babək şəhər sakini, ziyalı Ənvər Hüseynov minnətdarlıq edərək deyib: “Mən burada doğulmuşam. Rayon yaradılandan Babək şəhər statusu alanadək ötən dövr hər an gözlərim önündə canlanır. Vaxtilə burada bir inzibati bina və kiçik məktəb var idi. Göstərilən dövlət qayğısı sayəsində bu gün abad yollarımız, müasir xəstəxana, uşaq bağçası, iki məktəb, musiqi məktəbi, rabitə evi, idarə və təşkilatlar üçün yeni inzibati binalar şəhərimizə xüsusi gözəllik verir. İstifadəyə verilmiş 7, 5 və 2 mərtəbəli yaşayış binaları əhali rifahının, məskunlaşmanın göstəricisidir. Babək artıq aqrar sənaye rayonuna çevrilib. Hazırda burada 62 adda sənaye məhsulu istehsal olunur. Həmin məhsulların yeni bazar kompleksində satışı təşkil olunacaq. Yaradılan şəraitdən səmərəli istifadə edəcək, qurulanları qoruyacağıq”.
Sonra kompleksə baxış olub. Məlumat verilib ki, 4700 kvadratmetr ərazini əhatə edən bazar binasında ərzaq, geyim, məişət, təsərrüfat malları və mobil telefon mağazaları, yeməkxana, bərbər, foto, əczaxana və baytarlıq əczaxanası yerləşir. Binada istilik və su sistemləri qurulub. Kompleksdə 36 satış yeri olan yarımqapalı meyvə-tərəvəz satış sahəsi tikilib. Eləcə də burada kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili üçün də şərait vardır. Ərazidə heyvan və ev quşlarının satışı üçün 1250 kvadratmetr çəpərlənmiş sahə ayrılıb.
Bazara gedən yola asfalt salınıb, 57 yerlik avtomobil dayanacağı yaradılıb.
Satıcılardan Vüqar Süleymanov, Nazilə Zeynalova və Əfsanə İsayeva yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.
Ali Məclisin Sədri bazarda ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi, əhalinin tələbatının nəzərə alınması, yarmarkaların təşkili və təmizliyə riayət olunması barədə tapşırıqlar verib.