"Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk Qrupu 28 il ərzində müvafiq mandata sahib idi". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk Qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşdə bildirib. Bu, çox sərt olmaqla, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupuna bir sillə idi. 28 il ərzində heç nə ilə yadda qalmayan Minsk qrupunun həmsədrlərinin vaxtaşırı olaraq regiona səfərlərinin heç bir səmərəsi olmadığını, hər zaman işğalçı Ermənistanın təcavüzkar siyasətinə, onun beynəlxalq hüququ kobud surətdə pozmasına, hərbi cinayətlərinə göz yumduğunu təsdiqləyən sözlər idi". Bunu sia-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.
M.Məmmədov,həmçinin kabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev həmsədrlərlə görüşündə reallıqları qarşı tərəfin diqqətinə çatdırıb. Bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin sonuncu dəfə Azərbaycana səfərindən ötən bir il ərzində bölgədə vəziyyət artıq tamamilə fərqlidir: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq mövcud olmaması regionda vəziyyəti dəyişdirib. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu",-deyən dövlət başçımız çıxışı zamanı bildirib: "Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir".
Millət vəkili, həmçinin vurğulayıb ki, bəli, Azərbaycan bu məsələni özü həll edib: «Dövlət başçımızın dediyi kimi; "Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür".
"Belə olan halda onlar niyə lazımi addımları vaxtında atmadılar, işğalçı Ermənistanın çirkin niyyətlərinə bir söz demədilər? Bu gün Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, Güclü Ordumuzun, igid əsgər və zabitlərimizin qanı ilə, xalqımızın birliyi ilə torpaqlarımızı azad etdikdən sonra bu gün hansı üzlə növbəti görüşə gəlməyin mənası nədir?. Dövlət başçımızın qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur, bu münaqişəni Azərbaycan hərbi-siyasi yolla özü həll etmişdir. Bundan sonra masa arxasında gələcəklə bağlı müzakirələri yalnız qalib dövlətimizin mövqeyi şərtləndirə bilər".
M.Məmmədovun dediyi kimi, bu torpaqların hər santimetrində, hər qarışında Azərbaycan əsgərinin qanı var: "Belə olan halda, bundan sonrakı mərhələdə mövcud tərkibdəki Minsk qrupunun missiyasına ehtiyac da qalmayıb. Bu gün əsas vəzifəmiz, necə ki, həmişə həmrəylik göstərən xalqımızın bu həmrəyliyi, birliyi daha da güclü etmək, dövlətimizin yanında olaraq, işğaldan azad olunmuş bölgələrdə quruculuq işlərinin həyata keçirilməsinə, doğma Qarabağımızda yenidən həyatın canlanmasına, insanlarımızın öz dədə-baba yurdlarına qayıtmasına nail olmaqdır, buna da tezliklə nail olacağıq. Çünki Azərbaycan Qarabağdır!". Rəfiqə Hüseynova