Azərbaycan–Özbəkistan qardaşlığının yeni mərhələsi

Azərbaycan–Özbəkistan qardaşlığının yeni mərhələsi
  • Siyasət / Maraqlı

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin yüksək inkişaf səviyyəsini və gələcək əməkdaşlığın geniş perspektivlərini nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında Azərbaycan və Özbəkistan arasında formalaşmış dostluq, qardaşlıq və qarşılıqlı etimad münasibətlərinin artıq strateji xarakter daşıdığını vurğuladı.

    Bəyanatda diqqət çəkən əsas məqamlardan biri Azərbaycan-Özbəkistan əlaqələrinin yalnız siyasi münasibətlərlə məhdudlaşmamasıdır. Hazırda iki ölkə arasında enerji, nəqliyyat, investisiya, kənd təsərrüfatı, sənaye, turizm, bankçılıq və digər sahələrdə geniş əməkdaşlıq həyata keçirilir. Prezident İlham Əliyev qeyd etdi ki, bu münasibətlər həm mənəvi, həm də maddi baxımdan möhkəm təmələ söykənir. Bu isə iki dövlətin gələcək inkişaf üçün birgə imkanlardan daha səmərəli istifadə etməsinə şərait yaradır.

    Dövlət başçısının çıxışında Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əlaqələrin geosiyasi və geoiqtisadi əhəmiyyəti də xüsusi yer tutdu. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması ölkəmizin regiondakı rolunun artmasının göstəricilərindən biridir. Azərbaycan və Özbəkistanın əməkdaşlığı bu baxımdan yalnız ikitərəfli münasibətlər üçün deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

    Prezident İlham Əliyev çıxışında Özbəkistanın Qarabağın bərpasında göstərdiyi dəstəyi də yüksək qiymətləndirdi. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndidə həyata keçirilən investisiya layihələri iki ölkə arasındakı qardaşlığın yalnız siyasi bəyanatlarla deyil, konkret layihələrlə də təsdiqləndiyini göstərir. Bu əməkdaşlıq Azərbaycan üçün həm sosial, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır.

    Bəyanatın mühüm hissəsini iqtisadi əməkdaşlığın gələcək perspektivləri təşkil edirdi. Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması istiqamətində konkret proqram qəbul ediblər. Bundan başqa, investisiya fondunun fəaliyyəti, sənaye kooperasiyası və müxtəlif sahələrdə birgə layihələrin genişləndirilməsi iki ölkənin iqtisadi potensialının birləşdirilməsi baxımından mühüm addımlardır.

    Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan və Özbəkistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət səfərinin nəticələri siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanlar yaradır. Bu münasibətlər Azərbaycan və Özbəkistan xalqlarının ortaq tarixi, mədəni dəyərləri və qarşılıqlı hörməti üzərində qurulduğundan, onların gələcəkdə daha da möhkəmlənəcəyinə böyük əsaslar vardır. 23 avqust 2026-cı il səfəri bu baxımdan Azərbaycan-Özbəkistan qardaşlığının tarixində mühüm hadisə kimi qiymətləndirilə bilər.


    Aybəniz Novruzova, 
    Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi
    PAYLAŞ:

    Oxşar xəbərlər