Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında üçtərəfli görüş keçirilib.
Azərbaycan Müdafiə Nazirliyindən Leqal.az-a bildirilib ki, görüşdə əsrlərdir xalqlarımızın mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi xüsusi olaraq qeyd edilib.
Qarşılıqlı etimada əsaslanan əməkdaşlığın xalqlarımızın xoşbəxt gələcəyi və rifahının təmin olunması baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
Üçtərəfli görüşdə müasir dövrün çağırışları, eləcə də regionumuzun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə birgə səylərin birləşdirilməsinin və bu istiqamətdə fəaliyyətlərin qarşılıqlı əlaqədə həyata keçirilməsinin vacibliyi qeyd edilib.
Müdafiə nazirləri üçtərəfli və ikitərəfli birgə təlimlərin, qarşılıqlı təcrübə mübadiləsinin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Əminliklə vurğulanıb ki, müdafiə sahəsində üçtərəfli əməkdaşlığın inkişafı təkcə ölkələrimiz üçün deyil, eləcə də regionda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasına böyük töhfələr verəcəkdir.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın yeni perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox mövzularla bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Sonda üçtərəfli görüşün yekununa dair protokol imzalanıb və media nümayəndələri üçün mətbuat konfransı keçirilib.
16:52
Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü çərçivəsində üçtərəfli saziş imzalanıb.
Leqal.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, sazişi Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani imzalayıblar.
14:20
Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü başlayıb.
Leqal.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Qeyd olunub ki, görüşdə ikitərəfli və üçtərəfli formatda birgə hərbi əməkdaşlığın yeni perspektivlərinin, eləcə də regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılıb.