Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
Leqal.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, indiyədək seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib. Respublika üzrə 636 842 nəfər səs verib.
Hesabat vermiş məntəqələrin sayı 6478-dir.
Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
Parlament seçkiləri üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. //publika.az