Türkiyənin “Haber Global” telekanalı dünya şöhrətli fotojurnalist Reza Deqatinin işğaldan azad olunmuş Qarabağda apardığı fotoçəkilişlərə dair reportaj yayımlayıb.
azərtac xəbər verir ki, reportajda Reza Deqatinin Qarabağ həqiqətlərini 30 il öncə olduğu kimi indi də fotokamerasının gözü ilə bütün dünyaya çatdırdığı bildirilir. Qeyd olunur ki, Reza Deqati hələ birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edən Ermənistanın vəhşiliyini dünyaya çatdırıb. O, 30 il sonra yenidən Qarabağa gedib və gördüklərini lentə alıb. Onun çəkdiyi fotoların hər birində Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər, insanların keçirdiyi hisslər əksini tapır.
Reportajda Reza Deqatinin fotoları ilə yanaşı, ikinci Qarabağ müharibəsi barədə “Haber Global”ı müxbiri Murat Karataşa müsahibəsi də yer alıb. Müsaibədə Reza Deqati birinci Qarabağ müharibəsi dövründə bir milyon azərbaycanlının yurd-yuvalarından didərgin düşdüyünü, o vaxt ana qucağında olan uşaqların Qarabağa 30 il sonra PUA-lar və tanklarla qayıtdığını bildirib. Doğma yerlərindən didərgin düşən insanların hər şeyini qoyaraq yola çıxdıqlarını xatırladan Reza Deqati evinin açarını özü ilə götürən bir məcburi köçkünlə söhbətindən danışıb. İnsanlar inanırdılar ki, gec-tez geri dönəcəklər. Belə də oldu. Lakin bu gün Azərbaycan torpaqlarını tərk edən ermənilər evlərini yandırırlar. Bu da sübut edir ki, zəbt etdikləri evlər onların olmayıb. Olsaydı, yandırmağa əlləri qalxmazdı.