Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev orduda rabitə vasitələri və informasiya texnologiyalarının təkmilləşdirilməsi tapşırığını verib.
Bu barədə Leqal.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunda bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkilinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov noyabrın 25-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin tabeliyindəki hərbi hissələrdən birində olublar.
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissənin ərazisindəki saxlanclara baxış keçirib.
Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi üçün nəzərdə tutulmuş müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnika nümunələri təqdim olunub. Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirmək üçün mövcud olan ən yeni texnoloji avadanlıqlar barədə məlumat verilib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi bölmələrdə rabitə vasitələri və informasiya texnologiyalarının daha da təkmilləşdirilməsi və səmərəli tətbiqinə dair aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.