Dövlət başçımız informasiya bumundakı bitərəfliliyi ölkəmizin xeyrinə dəyişməyə müvəffəq oldu

Dövlət başçımız informasiya bumundakı bitərəfliliyi ölkəmizin xeyrinə dəyişməyə müvəffəq oldu
  • Siyasət

  • Hazırda demək olmaz ki, dünya mediası Dağlıq Qarabağda baş verənlərə, Azərbaycanın haqq işinə münasibətdə tam obyektiv mövqe ortaya qoyur. Bu, heç də belə deyil. Bunu Trend-ə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

    Onun sözlərinə görə, Vətən müharibəsinin ilk günlərindən buna beynəlxalq maraq böyük idi. Bu maraq təbii ki, xarici kütləvi informasiya vasitələrinin fəaliyyətinə öz təsirini göstərirdi: "Lakin demək olmazdı ki, əcnəbi media Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətli mövqe ortaya qoyurdu. Tam əksinə, biz görürdük ki, beynəlxalq KİV daha çox Ermənistanın mövqeyini əks etdirir.

    Şərti olaraq qeyd etdiyim ilk həftəni Dağlıq Qarabağ münaqişəsi, hərbi əməliyyatların intensivləşməsi ilə bağlı materialların xarici mediada işıqlandırılmasının ilk dövrü kimi təsnifatlandırmaq mümkündür. Bu dövrün xarakterik cəhətlərindən biri odur ki, materiallar birtərəfli qaydada təqdim olunur, orada yalnız Ermənistanın mövqeyi ifadə edilir, qarşı tərəf kimi Azərbaycan nəzərə alınmırdı.

    İkinci mərhələ nisbətən fərqli idi. Əgər birinci mərhələdə biz münaqişə ilə bağlı daha çox xəbər janrında olan materiallara rast gəlirdiksə, ikinci dövrdə artıq xəbərlərlə yanaşı, analitik məzmunlu materialların, o cümlədən telekanallarda yayımlanmaqda olan siyasi tok-şouların sayının artdığını müşahidə etdik. Amma demək olmaz ki, balans prinsipinə tam riayət edildi. Bir çox materiallarda ümumiyyətlə Azərbaycan tərəfinə istinaddan söhbət belə getmədi. Hətta siyasi xarakterli tok-şoularda anti-Azərbaycan təbliğatı daha da güclənməyə başladı. Bu mərhələ təxminən 10 günə yaxın davam etdi".

    Şura sədri əlavə edib ki, üçüncü mərhələdə artıq Azərbaycanın mövqeyini əks etdirən obyektiv materialların nisbətən balans yaratdığını gördük. Bu, başlıca olaraq Azərbaycan Prezidenti İlham Əliyevin demək olar, hər gün xarici media orqanlarına verdiyi müsahibələrlə əlaqələndirilməlidir: "Dövlət başçımız informasiya bumundakı bitərəfliliyi ölkəmizin xeyrinə dəyişməyə müvəffəq oldu. Hətta deyərdim ki, bunu təkbaşına etdi. Onun səsləndirdiyi statistik rəqəmlər, münaqişənin tarixi ilə bağlı söylədiyi fikirlər, nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq və ardıcıllıq, diplomatik səriştə istər-istəməz Dağlıq Qarabağdakı vəziyyət, Azərbaycanın mövqeyi ilə əlaqədar baxışları dəyişdi, beynəlxalq ictimai rəy tədricən əvvəlki mövqeyindən daşınmaq yolu tutdu. Təbii ki, söhbət əvvəldən hesablanmış qərəzli baxışlardan getmir. Onlar qaldı və indinin özündə də qalmaqdadır. Ancaq hesab edirik ki, ümumən mənzərə tam şəkildə dəyişdi. Biz müşahidə etdik ki, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı müzakirələrdə də müsbət tendensiyalar nəzərə çarpmağa başladı. Artıq məsələyə obyektiv baxışların artdığını gördük.

    Əlbəttə, söhbət informasiya savaşından gedirsə, qardaş Türkiyənin media orqanlarının rolunu xüsusi olaraq vurğulamaq lazımdır. Türkiyə mediası Avropanın və dünyanın kifayət qədər ciddi sayılan informasiya mənbəyi kimi qəbul edilir. Onun vasitəsilə biz Dağlıq Qarabağ həqiqətlərinin necə peşəkarlıqla təqdim edildiyinin şahidi olduq. Buna görə türkiyəli həmkarlarıma minnətdarıq".

    Ə.Amaşov qeyd edib ki, Vətən müharibəsi başlayandan sonra Azərbaycanın kütləvi informasiya vasitələri də kifayət qədər sistemli fəaliyyətə keçdilər.

    Onun fikrincə, xüsusi vurğulanmalı məqam ölkəmizin hakimiyyət orqanlarının kifayət qədər mütəhərrik iş rejimində çalışması idi: "Bu cəhət medianı da hərəkətə gətirən faktordur. Məsələn, bir məqamı qeyd edim. Biz əlbəttə, müxtəlif erməni saytlarını izləyirik. Onlarda Ermənistan rəsmilərinin qərəzli, çaşqınlıq yaratmağa hesablanmış açıqlamalarını, paylaşımlarını görürük. Sevindirici haldır ki, heç bir fikir cavabsız qalmadı. Bu baxımdan, Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələri yüksək səviyyədə, çevik qurduğunu söyləmək mümkündür. Üstəlik, nazirlik informasiya texnologiyalarından, sosial şəbəkələrdən kifayət qədər ustalıqla istifadə edir. Ümumən, Azərbaycan tərəfdən yayılmış bütün məlumatların güclü sosial şəbəkə yayımının olduğunu gördük. Təbii ki, bu faktın özü də informasiya cəbhəsinin ümumi ahənginə müsbət təsirini göstərdi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, eləcə də digər dövlət qurumları və onların rəsmilərinin fəaliyyəti nəticəsində biz baş vermiş olaylarla bağlı mütəhərrik informasiya, məlumatlandırma işinin qurulduğunu gördük. Təbii ki, bütün bunlar xaricdəki ab-havaya da öz təsirini göstərir.

    Ümumən, Azərbaycan KİV-ləri müharibə ovqatına kifayət qədər ciddi köklənməyi bacardılar. Biz nüfuzlu baş redaktorlarımızın paylaşımlarına diqqət yetirirdik. Hər birinin xaricdə də kifayət qədər izləyiciləri var, o cümlədən, xaricdəki nüfuzlu media qurumları ilə də təmaslara malikdirlər. Onlar informasiyaların çatdırılmasında aktiv oldular, sosial şəbəkələrdə fəallıq göstərdilər. Bütün bunlar da beynəlxalq ictimai rəyin xeyrimizə dəyişməsində, habelə daxili ruhun yüksək tutulmasında öz sözünü dedi. Ayrıca, onu da deyim ki, Azərbaycan Mətbuat Şurası ötən müddətdə beynəlxalq təşkilatlarla, o cümlədən beynəlxalq media qurumları ilə aktiv təmaslarda oldu. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv reallıqları işıqlandıran əcnəbi jurnalistlərə xaricdə erməni lobbisi tərəfindən göstərilən təzyiqlər diqqətdə saxlanıldı, müraciətlər ünvanlandı".

    Ə.Amaşov bildirib ki, Azərbaycan münaqişə ilə bağlı 30 ilə qədərki ədalətsizliyin informasiya çəmbərini də yarmağı bacarıb. Bu isə son dərəcə vacibdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər