“Newsweek” nəşrində Azərbaycanın dini liderlərinin məqaləsi dərc edilib

“Newsweek” nəşrində Azərbaycanın dini liderlərinin məqaləsi dərc edilib
  • Siyasət

  • Amerikada çıxan “Newsweek” jurnalında Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr ata və Qafqaz müsəlmanları idarəsinin sədri Hacı Allahşükür Paşazadənin imzası ilə “Qarabağın gələcəyi naminə bir məsləkdəyik” sərlövhəli məqalə dərc edilib.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, məqalənin müəllifləri - Azərbaycanın yəhudi, xristian pravoslav və müsəlman icmalarının liderləri dünya KİV-lərində yayılmış, ölkəmizin qoşulduğu “müqəddəs müharibə”də xristianların guya təhlükədə olması barədə xəbərlərə münasibət bildirməyi qərara alıblar.

    Ermənistan ilə Azərbaycan arasında münaqişənin eskalasiyası bütün dünyanın gözü qarşısında baş verir. Başqalarının istəyindən asılı olmayaraq bu münaqişə heç də dini xarakter daşımır və Azərbaycan “işğalçı müsəlman” rolu oynamır. Azərbaycanın monokonfessional, monoetnik mühitində aşkenazi yəhudiləri icması, unikal dağ yəhudiləri icması, katolik və pravoslav xristianlar, habelə erməni kilsəsi rahat fəaliyyət göstərir. Hətta Azərbaycanda islam dininə etiqad edənlər də eyni məzhəbə aid deyil. Bizim vətəndaşlar arasında sünnilər də var, şiələr də.

    Ermənistanın sırf xristian ölkəsi olması isə əsla şübhə doğurmur. Azərbaycan ərazilərinin 1988-1994-cü illərdə Ermənistan tərəfindən işğal edilməsi nəticəsində 300 mindən çox azərbaycanlı Ermənistandan qaçqın vəziyyətinə düşüb. Bu insanların əksəriyyəti müsəlmanlardır. Müharibənin gedişində 700 minə yaxın azərbaycanlı Dağlıq Qarabağdan və ona bitişik ərazilərdən qovulub. Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri olan bu torpaqlar indiyə qədər mənfur qonşular tərəfindən işğal edilib.

    Müəlliflər daha sonra qeyd edirlər ki, Azərbaycan işğalçı dövlət deyil. Münaqişənin nizamlanması üçün Azərbaycanın təklif etdiyi yol hazırda Dağlıq Qarabağda yaşayan insanların oradan qovulmasını deyil, işğaldan əvvəl həmin ərazidə yaşayan insanların oraya qayıtmasını nəzərdə tutur. Azərbaycan əyani şəkildə göstərib ki, bu ölkədə eyni şəhərlərdə kilsələr, sinaqoqlar və məscidlər dinc yanaşı fəaliyyət göstərə bilər.

    Müəlliflər yazırlar: “Gəncə şəhəri raketlərlə atəşə tutulanda aşkenazi yəhudilərinin baş ravvini həmin şəhərə gedib, oradakı yəhudi ailələri ilə birlikdə dua edib. Arxiyepiskop Azərbaycan Silahlı Qüvvələrində könüllü xidmət edən gənc xristian əsgərin dəfn mərasimini təşkil edib. Müfti yaxınlarını itirmiş çoxsaylı müsəlman ailələrinə təsəlli verib. Biz görüşərək birgə dua etmişik. Din adamları kimi bizim borcumuz xalqlarımızın hansı konkret dinə etiqad bəsləməsindən asılı olmayaraq onların yanında olmaqdır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər