Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xalq rəssamı, professor Böyükağa Mirzəzadənin anadan olmasının 100 illiyi münasibətilə onlayn tədbir keçirilib.
Bu barədə LEQAL.AZ-a universitetdən məlumat verilib. Bildirilib ki, tədbiri ADMİU-nun rektoru, professor Ceyran Mahmudova açaraq Böyükağa Mirzəzadənin Azərbaycan təsviri sənətində mövqeyindən danışıb, onun yetişdirdiyi tələbələrin bu gün rəssamlıq sənətinin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Rektor Azərbaycan mədəniyyətində və incəsənətində mühüm yer tutan şəxsiyyətlərin gənc nəslə tanıtdırılmasının önəmindən bəhs edib, universitetdə bu cür dəyərli sənət nümayəndələrinin anım tədbirlərinin davam etdiriləcəyini vurğulayıb.
ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov Böyükağa Mirzəzadənin yaradıcılığı haqqında məruzə ilə çıxış edib. O bildirib ki, B.Mirzəzadə Azərbaycan rəssamlığında rəng ustası olmaqla yanaşı, həmçinin portret ustası kimi tanınır. Onun portret janrında yaratdığı əsərlər çoxşaxəli idi. Rəssamın portret janrına rəğbəti dövrünün sənət adamlarının, ziyalıların daha da tanınmasına səbəb olmuşdu. Portretlərinin əksəriyyətində mədəniyyət xadimlərinin obrazlarını yaradıb. B.Mirzəzadəni digər rəssamlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri də odur ki, o, portretini yaratdığı insanı adətən oturan yerdə təsvir edirdi. Onun əsas yaradıcılıq illəri XX əsrin 30-cu illərin sonundan XXI əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir. Rəssam yaradıcılığa tarixi janrla başlayıb. Sonralar daha çox natürmort, mənzərə, məişət janrlarına müraciət edib. Mənzərə janrındakı əsərləri realizmi ilə seçilirdi. Əsasən şəhər və sənaye mənzərələri üstünlük təşkil edirdi. Təbiət mənzərələri isə şərti sxematikliyi ilə fərqlənirdi.
Xalq rəssamı, professor Arif Əziz müəllimi ilə bağlı xatirələrini bölüşüb: “Böyükağa müəllim gözəl rəssam olmaqla yanaşı, çox gözəl pedaqoq idi. Heç vaxt tələbənin ürəyini sındırmırdı, həmişə bizi ruhlandırırdı. Onun tələbələrə bəslədiyi münasibət mənim üçün örnək olub”.
Təsviri sənət kafedrasının müdiri Rəşad Cabarov, dosent Sevda Teymurova, Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova görkəmli rəssamın yaradıcılığından, Azərbaycan mədəniyyətinə töhfələrindən, yüksək mənəvi keyfiyyətlərindən söz açıblar.