Turizm sənayesi bərpa dövrünə hazırlaşır

Turizm sənayesi bərpa dövrünə hazırlaşır
  • Mədəniyyət

  • Turizm azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələrindən biri olacaq.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev yanvarın 15-də keçirilən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının 2020-ci ildə görülən işlərlə bağlı yekun hesabat tədbirində çıxış edərkən bildirib.

    Fuad Nağıyev turizm sənayesinin il ərzində çətin dövrdən keçdiyini bildirib. O qeyd edib ki, ilin sonunda Ali Baş Komandanın rəhbərliyi, Şanlı Ordumuzun qələbəsi ilə torpaqlarımızın azad edilməsi hər kəsə çətinlikləri unutdurub.

    “Bildiyiniz kimi, cənab Prezident son çıxışında azad olunmuş torpaqlarda əsas fəaliyyət sahələri kimi kənd təsərrüfatı və turizm sahəsini qeyd etdi. Cənab Prezidentin vurğuladığı kimi, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var. Bu potensial imkan verir ki, biz oranı Azərbaycanın əsas turizm zonalarından birindən çevirək”, - deyə Fuad Nağıyev bildirib.

    Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov öz çıxışında işğaldan azad edilmiş torpaqlarımızda kiçik və orta biznesin və turizm sektorunun inkişafı üçün geniş imkanların mövcud olduğunu, KOBİA olaraq bu ərazilərə yerli və xarici investisiyaların cəlb edilməsi, əlaqələndiriməsinin həyata keçirilməsinə, zəruri dəstəyin verilməsinə və birgə əməkdaşlığa hazır olduqlarını bildirib.

    “Qarabağın turizm sektorunun inkişafı üçün birgə çalışmalıyıq. Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə Qarabağı turizm destinasiyası kimi təşviq etmək çox vacibdir. Həmin ərazilərdə turizmin dirçəldilməsi üçün ATAA tərəfindən yeni biznes imkanlarının araşdırılması, təkliflərin verilməsi və sahibkarların bu işlərə cəlb edilməsi öz töhfəsini verəcək”, - deyə Orxan Məmmədov əlavə edib.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli turizmin həm postpandemiya, həm də müharibədən sonrakı dövrdə iqtisadiyyatın qeyri-neft sektorunun vacib sahəsi olacağını deyib. O, yeni “Turizm haqqında Qanun”a baxılmasının sürətləndirilməsinin önəmini qeyd edib və yeni qanunun Milli Məclisin 2021-ci ilin yaz sessiyasında müzakirəyə çıxarılacağı haqqında məlumat verib.

    Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid turizm sənayesini post-pandemiya dövrünə hazırlamaq üçün həyata keçirilən tədbirlər haqqında danışıb. F. Zenqstşmid, həmçinin Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdə gəlmə turizmi ilə məşğul olan şirkətlərin postpandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq, həmçinin bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədilə həyata keçirilən rəqəmsallaşdırma proqramının prioritet oduğunu və 2021-ci ildə həyata keçiriləcəyini bildirdib.

    “Ümid edirik ki, vaksinləşmənin qlobal olaraq başlaması ilə sərhədlər tezliklə açılacaq. O vaxta qədər 2021-ci ildə əsas diqqətimiz daxili turizm və Qarabağın turizm potensialının inkişaf etdirilməsinə yönələcək. Biz ümid edirik ki, mərhələli şəkildə beynəlxalq səyahətlər yenidən başlayacaq, biz isə yerli sənaye tərəfdaşlarımızın yenidən beynəlxalq platformalarda iştirak edərək Azərbaycanı xaricdə təbliğ etməsi işinə dəstək verəcəyik. Çünki biz ancaq birlikdə gözəl ölkəmizi dünya səyahətçilərinin birinci sırada olan seçimlərindən edə biləcəyik”, - deyə Florian Zenqstşmid bildirib.

    Görüşdə ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev qeyd edib ki, sənayenin bərpası üçün dövlət tərəfindən dəstək mexanizmlərinin davam etdirilməsi, eləcə də maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırılması, subsidiyalar, aşağı faizli kreditlər, vergi güzəştlərinə şərait yaradılması əsas məqamlardan biridir.

    O, ölkəyə turistlərin cəlb edilməsi üçün sərnişindaşıma vasitələrinin əlçatanlığının və sərhədkeçmə prosedurlarının asanlaşdırılmasının və bununla bağlı bir sıra institusional məsələlərin həllinin vacibliyini vurğulayıb.

    “2021-ci il Azərbaycan turizmində yeni bir təkan olacaq. Bu, turizmin inkişafında həm gəlmə, həm də getmə turizmində böyük bir mərhələnin yaşanmasına imkan verəcək. İlk növbədə azad olnun Qarabağımızda turizmin böyük bir sürətlə inkişafına inanırıq və bütün dünyadan turistləri qarşılamağa hazırıq”, - deyə Rüfət Hacıyev qeyd edib

    Tədbirin sual-cavab hissəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, Dövlət Turizm Agentliyinin aparatının rəhbəri Kənan Qasımov, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid, İqtisadiyyat Nazirliyinin İqtisadi siyasəti şöbəsinin müdir müavini Bayram Rzayev, KOBİA-nın Biznesin inkişafı departamentinin müdiri Emil Məmmədov və “Azərbaycan Hava Yolları” sərnişin aviasiya şirkətinin direktoru Cəmil Manizadə tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

    2019-cu ildən fəaliyyətə başlayan Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Azərbaycanın turizm sənayesində vahid standartın formalaşdırılması, sistemləşdirilməsi və üzvlərin maraqlarının qorunması istiqamətində fəaliyyət göstərir.

    PAYLAŞ:

    Oxşar xəbərlər