Bəstəkar Elza İbrahimovanın anadan olmasından 83 il ötür - FOTO

Bəstəkar Elza İbrahimovanın anadan olmasından 83 il ötür - FOTO
  • Mədəniyyət

  • Musiqi savadı olmayan insanlar belə onun mahnılarını dinləməmiş, sevməmiş, zümzümə etməmiş deyillər. “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi mahnıları hansımız sevə-sevə dinləmirik?! Bu mahnılar bizləri mənən yetişdirib, tərbiyələndirib. Dillər əzbəri olan bu əsərlər hər birimizə xalq mahnıları qədər doğmadır. Həmişəyaşar mahnıları, həzin melodiyaları ilə insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil.

    LEQAL.AZ xəbər verir ki, yanvarın 10-da anadan olmasının 83-cü ildönümü qeyd edilən görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimova bu xoşbəxtliyi qazanmış sənətkarlardandır. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.

    Unudulmaz bəstəkarın zəngin yaradıcılığı əlli ildən artıq bir dövrü əhatə edir. Onun mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında fortepiano üçün prelüd və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skerso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Peşəkar musiqiçinin ürəyini qoyduğu bütün bu əsərlər dərin məzmunu və yüksək bədiiliyi ilə səciyyələnir.

    “Afət” (Hüseyn Cavidin eyniadlı əsəri əsasında), Qarabağ faciəsini əks etdirən muğam üzərində yazılmış “Yanan laylalar” (librettonun müəllifi Ramiz Heydər) operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir.

    Bəstəkarın milli qəhrəmanlarımız Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri dinləyicilərin yaralarına bir məlhəmdir.

    Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Arif Məlikov, Murad Kajlayev, Qara Qarayev, Niyazi kimi dünya şöhrətli sənətkarlar çox yüksək fikirlər söyləyiblər.

    Şübhəsiz ki, Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur. Onun ilk mahnısı olan “Yalan ha deyil” (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Özü də bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.

    Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub.

    Onun mahnıları ən ülvi hisslərin - vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. Bu əsərlərdə Azərbaycan və Qərb musiqisinin uğurlu sintezi var. Bəstəkarın mahnıları emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə və sevməyə sövq edir. Onun hər bir əsəri dinləyicini fərqli duyğular aləminə aparır. Bütün bu keyfiyyətlər Elza İbrahimovanın əsərlərinə ölməzlik qazandırıb. Təsadüfi deyil ki, Xalq Şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığını “mahnı janrında lövhə ustası” kimi xarakterizə edib.

    Elza İbrahimovanın Vətən sevgisini, elə-obaya bağlılığı, təbiətə vurğunluğu tərənnüm edən “Ey Vətən” mahnısı ölməz sənətkarımız Rəşid Behbudovun ifasında Azərbaycanı dünyada tanıdıb və sevdirib.

    Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi dillərində yazılmış şeirlərə onlarla mahnı bəstələmiş Elza İbrahimovanın təkcə bu janrda yazdığı əsərlər, bəlkə də, on bəstəkarın yaradıcılığı qədərdir desək, şübhəsiz, mübaliğəyə yol vermiş olmarıq. Musiqi üçün seçdiyi şeirlərin dolğun məzmunu isə bəstəkarın yüksək bədii zövqünü təsdiqləyir.

    Elza İbrahimovanın əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib, dövlətin ən yüksək fəxri adlarına layiq görülüb. Vəfatından sonra isə sənətkar “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının ağsaqqallar şurasının qərarı ilə “Mehriban ana” ordeninə layiq görülüb.

    Bu gün istər yerli, istərsə də xarici televiziya və radio kanallarında müxtəlif musiqilər səsləndirilir, hətta bəzən məzmun və janr “bolluğundan” insan çaşbaş qalır. Lakin Elza İbrahimovanın musiqisi səslənəndə insan sanki ayılır, əsl sənətin heç zaman ölməyəcəyi qənaətinə gəlir. Tam əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı cərəyanlar yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər