Lənkəranda unudulmaz sənətkar Əli Salahlının əziz xatirəsi yad edilib

Lənkəranda unudulmaz sənətkar Əli Salahlının əziz xatirəsi yad edilib
  • Mədəniyyət

  • Lənkəran Dövlət Dram Teatrının təşkilatçılığı ilə Respublikanın Əməkdar artisti, görkəmli teatr və kino aktyoru Əli Salahlının anadan olmasının 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

    Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Dram Teatrının direktoru, Respublikanın Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova açaraq qonaqları salamlayıb və onların tədbirdə iştirakını yüksək qiymətləndirib.

    Laləzar Hüseynova çıxışında Əli Salahlının Lənkəran Dövlət Dram Teatrının inkişafındakı müstəsna xidmətlərindən, səhnədə yaratdığı yaddaqalan obrazlardan və sənətə sonsuz bağlılığından bəhs edib. O bildirib ki, Əli Salahlı ömrünü teatr sənətinə həsr etmiş, peşəkarlığı, yüksək insani keyfiyyətləri və zəngin yaradıcılığı ilə Azərbaycan teatr sənətində silinməz iz qoymuş sənətkarlardandır. Onun yaratdığı obrazlar və sənətə verdiyi töhfələr hər zaman ehtiramla xatırlanacaq.

    Xatirə gecəsində Respublikanın Xalq artisti, Prezident təqaüdçüsü Qabil Quliyev, Respublikanın Əməkdar artisti Süsəddin Mirzəyev, aktyor Miraslan Ağayev, aktrisalar Ayşən Əsədova və Gülər Kərimova, həmçinin jurnalist Nurəddin Ədiloğlu çıxış edərək mərhum sənətkarla bağlı xatirələrini bölüşüb, onun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən və yüksək mənəvi keyfiyyətlərindən danışıblar.

    Tədbirin bədii hissəsində tanınmış skripka ifaçısı İlqar Əliyev, xanəndə İmanverdi Ağayev, bəstəkar-musiqişünas Zəminə Tariyelqızı və Dağıstan Respublikasının Əməkdar artisti Əliyar Hüseynov Əli Salahlının əziz xatirəsinə ithaf olunmuş musiqi nömrələri ilə çıxış ediblər. Təqdim olunan ifalar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

    Sonda mərhum sənətkarın həyat yoldaşı Elmira Salahlı çıxış edərək xatirə gecəsinin yüksək səviyyədə təşkilinə görə Lənkəran Dövlət Dram Teatrının kollektivinə, teatrın direktoru Laləzar Hüseynovaya, tədbirdə iştirak edən sənət adamlarına və bütün teatrsevərlərə səmimi minnətdarlığını bildirib.

    PAYLAŞ:

    Oxşar xəbərlər