“Bu gün Universitetlər bir çox tələbələr yetişdirir, amma iş tapmaq məqamına gələndə tələbələr iş tapa bilmir. Problem Universitetlərin özlərindədir. Bu qədər məzun yetişdirirlər, amma onu işlə təmin edə bilmirlər. Bu gün elə müəssisələr var ki, musiqiçiyə 100 manat verir, bu böyük bir problemdir. Musiqiçi haradansa yüksək maaş alsa, o, sənətini də dəyişməz. Bu problemlərin olması professional musiqinin tənəzzülünə səbəb ola bilər. Zənimcə, bunun üstündə düşünülsə, daha yaxşı olar”. “Ədalət” qəzetinin qonağı Azərbaycan Milli Konservatoriyasının müəllimi, kaman ifaçısı Pərviz Fərhadovdur.
-İlk olaraq oxuculara özünüzü təqdim etməyinizi istərdim...
-1989-cu ildə Füzuli rayonunda fəhlə ailəsində anadan olmuşam. Uşaqlığımın az bir hissəsi Füzulidə, qalan hissəsi isə Bakıda keçib. 1996-cı ildə Nəriman Nərimanov rayonunda 45 saylı tam orta məktəbin 1-ci sinfinə getmişəm. Həmin məktəbi 2007-ci ildə bitirib Azərbaycan Milli Konservatoriyasına daxil olmuşam. Konservatoriyada ixtisas dərslərini Respublikanın Əməkdar müəllimi Afət xanım Kazımovadan mənimsəmişəm, muğam dərslərini isə Əməkdar artist Elnur Əhmədovdan almışam. 2011-ci ildə Konservatoriya təhsilimi başa vurmuşam. Həmin il “Aypara” muğam qrupu ilə Respublika muğam müsabiqəsinə qatılıb qalib olmuşuq. Daha sonra Milli Konservatoriyanın rektoru, professor, xalq artisti Siyavuş Kərimi tərəfindən Konservatoriyaya dəvət almışam və hazırda orada müəllim kimi fəaliyyət göstərirəm. 2014-2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr dərəcəsində də təhsil almışam.
“Bütün sevgimi kamançaya vermişəm”
-İlk müəlliminizdən danışaq...
-Hər bir tələbənin istedadının üzə çıxmasında bir müəllim mühüm rol oynayır. 1998-ci ildə Nərimanov rayonunda Qara Qarayev adına 8 nömrəli musiqi məktəbinə daxil olmuşam. Orada təhsil aldığım müddətdə əziyyətimi çəkən müəllim gözəl pedaqoq Şahnaz Muradova olub. Ona bu gün çox şeyə görə borcluyam. Şahnaz xanım mənə tək müəllim yox, valideyn olub.
-Pərviz müəllimlə kamança bir-birlərini hansı səviyyədə başa düşür?
-Hər bir professional musiqiçi, hər bir insturmentalist, hər bir pedaqoq musiqi aləti ilə münasibət qurmağı bacarmalıdır. Mənim ustadım Respublikanın Əməkdar artisti Elnur Əhmədovun bir cümləsi var. Deyir, alətlə o qədər məşq etməlisən ki, sən aləti necə başa düşürsənsə, alət də səni elə başa düşsün. Kamança ilə bir-birimizi başa düşməyə qalanda bütün sevgimi kamançaya vermişəm. Kamançanı ailəmin bir üzvü hesab edirəm. Onu övladım kimi qoruyuram. Kamançaya da çox şeyi borcluyam. Çünki o, məni dünyaya tanıdır.
-Sənətdə tez-tez sizi qısqanırlar?
-Qısqanclıq bütün sahələrdə olmalıdır. Mənə elə gəlir ki, qısqanclıq olmasa, nəsə mümkün olmaz. Mən həmişə bir şüar səsləndirmişəm: “Sağlam rəqabət!” Heç vaxt kiminsə paxıllığını çəkməmişəm, heç vaxt kiməsə quyu qazmamışam, kiminsə ayağından dartmamışam. Məni tanıyan dostlarım bilir, hər zaman demişəm ki, qoy dostlarım məndən öndə olsun, Allah mənə bir verəndə onlara iki versin. İstər sənət, istər şöhrət, istərsə də maddiyyat baxımından deyirəm.
-Həyatda ən böyük qazancınız nə olub?
-Həyatda ən böyük qazancım ailəm, övladlarım, valideynlərimdir. Allah bütün valideynlərə can sağlığı versin, dünyadan köçənlərə rəhmət eləsin. Bu gün gənclərimizə səslənirəm ki, valideynlərinin qədrini bilsinlər, onların bir dediklərini iki etməsinlər. Ata-ananın bir nəfəsinin gəlib-getməyi belə övlad üçün yetərlidir. Allah valideynləri qorusun. Dediyim kimi, mən fəhlə ailəsində böyümüşəm. Açığı yataqxanada böyümüşəm. Mənim 4-5 yaşım olanda atam Qarabağda müharibədə idi. Atam Qarabağdan qayıdanda mən birinci sinfə gedirdim. Hələ də yadımdadır, atam çiynində avtomat əsgər yoldaşı ilə məni bu kənddən o kəndə aparırdı. Uşaq olsam da, müharibəni görmüşəm. Hələ də o illəri xatırlayıram. Atam Qarabağdan gələndə 7 yaşım var idi. Atamın, anamın üstümdə əziyyətləri çox olub. Ona görə deyirəm ki, ən böyük qazanclarımdan biri valideynlərimdir, ailəmdir, övladlarımdır.
Sənət baxımından isə 2011-ci ildə Respublika muğam müsabiqəsində xanəndə Aytən Məhərrəmova və tarzən Ədalət Behbudovla birlikdə qalib olmuşuq. 2012-ci ildə isə 7-ci Avrasiya səsləri beynəlxalq festivalının qalibi olmuşuq. Həmçinin, 2015-ci ildə beynəlxalq muğam müsabiqəsinin də qalibi olmuşuq. 2015-ci ildə beynəlxalq muğam müsabiqəsinin də qalibi olmuşam. Bu illər ərzində dəfələrlə xarici ölkələrdə, əsasən də Litvada ölkəmizi təmsil etmişəm. Bax bu işlərimizin sayəsində Litvanın Birştonos şəhərində milli alətlərimizdən ibarət tar, kamança, qaval büstü qoyulacaq. Bu büst nəyə görə qoyulur, onu da izah edim. 2017, 2018, 2019, 2020-ci illərdə Litvada səfərdə olarkən litvalıların dilində danışırdım. Hər dəfə onların dilində danışıb özümüzü sevdirirdik. Onların dövlət himnini belə tar-kamançada ifa etmişik. Bax bu addımlar musiqi alətlərimizin sevilməsinə səbəb olub ki, 2020-ci ildə də Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına bizim adımıza təqdimat gəlib. Həmin təqdimatda qeyd olunub ki, Gülzar Fərəcova, Ədalət Behbudov və Pərviz Fərhadovun çıxışları nəticəsində litvalılar sizin musiqi alətlərinizi seviblər. Beləliklə, Aypara muğam qrupunun Azərbaycan musiqisinin xaricdə mükəmməl şəkildə təbliğatı və siyasəti nəticəsində Litva Respublikası tərəfindən Azərbaycan Respublikasına Litvanın Birştonas şəhər parklarının birində tar, kamança və qaval büstü qoyulması barədə təklif verilib.
-Konservatoriyanı bitirən gənc musiqiçilərin əksəriyyəti özlərinə qane edici iş tapa bilmirlər. Bəzən bu səbəbdən də peşələrini dəyişməli olurlar. Məsələn, kamança ifaçısı skripkaçı, tar ifaçısı aşıq, bəstəkarlar isə müğənni olur. Sizcə, bu amil professional musiqinin tənəzzülünə səbəb ola bilərmi?
-Çox gözəl sualdır. Konservatoriyanı bitirən gənclərin əksəriyyəti özlərinə qane edici iş tapa bilmirlər ki, bunun da səbəbləri var. Musiqi sənətinin maddi baxımdan problemləri var. Konservatoriyanı bitirən gənc niyə özünə başqa bir peşə tapmalıdır? Bunun da kökündə maddiyyat dayanır, musiqiçinin dolanışığı məsələsi dayanır. Musiqiçi ailəlidirsə, bir də onun ailə problemləri üstünə gəlir. Bu gün Universitetlər bir çox tələbələr yetişdirir, amma iş tapmaq məqamına gələndə tələbələr iş tapa bilmir. Problem Universitetlərin özlərindədir. Bu qədər məzun yetişdirirlər, amma onu işlə təmin edə bilmirlər. Bu gün elə müəssisələr var ki, musiqiçiyə 100 manat verir, bu böyük bir problemdir. Musiqiçi haradansa yüksək maaş alsa, o, sənətini də dəyişməz. Bu problemlərin olması professional musiqinin tənəzzülünə səbəb ola bilər. Zənimcə, bunun üstündə düşünülsə, daha yaxşı olar.
Rövşən Tahir