Bu gün Bakıda özbək rəssamlar Alişer Hamdamov və Nodir Bobomuradovun Türk dünyası rəsm qalereyasında sərgisinin açılışı oldu.. Sərgi təkcə rənglərin və tabloların nümayişi deyil, eyni zamanda Azərbaycan və Özbəkistan xalqları arasında mədəni körpülərin daha da möhkəmlənməsinə xidmət edən önəmli bir hadisədir. Qardaş xalqları bir-birinə yaxınlaşdıran ən böyük güclərdən biri məhz sənətdir.
Sərgidə nümayiş olunan əsərlərdə təbiət mənzərələri, natürmortlar, kənd həyatının səmimiyyəti və müasir bədii yanaşmalar xüsusi diqqət çəkirdi. Nar və meyvə kompozisiyalarında Şərq ruhu və bolluq fəlsəfəsi hiss olunur, dağ mənzərələrində isə insanı sakitliyə aparan dərin bir duyğu yaşayırdı. Qarlı kənd təsvirləri, Bakı panoraması və abstrakt üslubda işlənmiş əsərlər rəssamların fərqli dünyagörüşünü və yaradıcılıq axtarışlarını tamaşaçıya hiss etdirirdi.
Özbək rəssamı Nodir Bobomuradovun bu əsərlərində realizm yalnız görüntünü təkrarlamaq vasitəsi deyil, həm də yaddaşı, torpağa bağlılığı və gündəlik həyatın poetikasını ifadə edən sənət dilinə çevrilir. Rəssam natürmortlarda meyvələrin rəng harmoniyası və işıq-kölgə münasibəti ilə bolluq, bərəkət və həyat enerjisini ön plana çıxarır. Nar, üzüm və digər meyvələrin təsvirində Şərq estetikasına xas istilik və səmimiyyət hiss olunur.
Məişət və kənd həyatını əks etdirən kompozisiyalarda isə insan və təbiət arasında harmonik münasibət diqqəti cəlb edir. Kölgəli ağac altında toplaşan insanlar, qarlı kənd mənzərəsi və sakit həyatı təsvir edən səhnələr rəssamın milli ruhu qorumağa çalışdığını göstərir. Bu əsərlərdə nostalji duyğusu ilə yanaşı, zamanın axarı içində dəyişməyən mənəvi dəyərlər hiss edilir.
Alişer Hamdamovun əsərlərində ilk diqqət çəkən məqam rənglərin sərbəst və emosional ritmidir. Rəssam klassik təsvir anlayışından uzaqlaşaraq fiqurları daha çox hiss və enerji üzərindən təqdim edir. Onun özünəməxsus texnikasında spatula izləri, qalın boya qatları və parçalanmış kompozisiyalar əsərlərə canlı dinamika verir.
Portret və fiqurlarda simaların tam işlənməməsi tamaşaçıya düşünmək və obrazı öz daxili hissləri ilə tamamlamak imkanı yaradır. Xüsusilə mavi, sarı və torpaq tonlarının harmoniyası əsərlərdə həm Şərq ruhunu, həm də müasir ekspressionist yanaşmanı hiss etdirir.
Hamdamovun yaradıcılığında əsas güc texnikanın qeyri-adi görünüşündə deyil, rəng vasitəsilə duyğunu ötürmək bacarığındadır. Onun əsərləri baxıldıqca dəyişən, hər tamaşaçıda fərqli hiss oyadan vizual təəssürat yaradır
Belə sərgilər yalnız iki qardaş xalq arasında deyil, ümumiyyətlə dünya xalqları arasında dostluğun, qarşılıqlı anlayışın və mədəni birliyin yaranmasına yol açmalıdır. Çünki sənət insanların dilini, dinini, sərhədlərini aşaraq onları bir araya gətirən ən güclü vasitələrdən biridir. Türk dünyasının ortaq mədəni bağları da məhz bu cür layihələrlə daha da güclənir və gələcək nəsillərə ötürülür.
Bu cür beynəlxalq sərgilərin mütəmadi təşkil olunması olduqca vacibdir. Çünki rəssamların görüşü, fikir mübadiləsi və ortaq layihələri xalqlar arasında mənəvi yaxınlaşmanı daha da artırır.
“Dünyanı sənət xilas edəcək.”
Dünya rəssamları, birləşin!
Nəvai Metin,
Beynəlxalq Sülh Rəssam

