“Məlik Məmmədxanovun yaradıcılığında milli simvollar”

“Məlik Məmmədxanovun yaradıcılığında milli simvollar”
  • Mədəniyyət

  • Məlik Məmmədxanov ilə tanışlığım tələbəlik illərinə (1982 ci il) dayanır. O, məndən bir kurs irəlidə oxuyurdu. 

    İbrahim Zeynalovun rəhbərlik etdiyi Bədii Qrafika fakultəsində  mehriban  bir aura vardı. Biz hamımız eləbil eyni kursun tələbələriydik. 

    Dostum Məlikin bu günlərdə  Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda sərgisinin açılışı oldu .Çox istərdim orada olum, amma sanatoriyada olduğum üçün iştirak edə bilmədim. Buna baxmayaraq, onun yaradıcılığı haqqında içimdə olan fikirləri bölüşmək istədim.

    Məlikin əsərlərində ilk baxışdan gördüyümüz meyvələr — nar, heyva və digər təbiət nemətləri — əslində sadəcə naturmort elementləri deyil. Onlar bizim yaddaşımızdır. Xüsusilə nar onun yaradıcılığında sanki bir imza kimidir — bolluğun, həyatın, bərəkətin rəmzi kimi. (Hətta bir vaxtlar mən onu Nar Məlik deyə çağırırdım . ) Amma Məlikin işlərini fərqli edən təkcə bu deyil. O, bu meyvələri tək qoymur. Onların yanına bir vaxtlar nənələrimizin evində gördüyümüz o doğma əşyaları gətirir: mis sinilər, köhnə qazanlar, sadə amma ruhu olan qablar… Bu əşyalar artıq çoxumuzun gündəlik həyatında yoxdur, amma onun tablolarında yaşayır. Hər bir detal sanki uşaqlıq xatirələrinə açılan bir qapıdır.

    Onun yaratdığı kompozisiyalarda palazların naxışları, parçaların qatları, metalın işıqla oyunu xüsusi bir həssaslıqla işlənir. Baxdıqca insan sadəcə görmür — xatırlayır. Bəzən bir kənd evi, heyva bağları, Xudafərin, nar bağlarl ,bəzən nənələrin  süfrəsi, bəzən də keçmişin səssiz, amma isti atmosferi göz önündə canlanır.

    Məlik Məmmədxanovun yaradıcılığı mənim üçün sadəcə rəng və forma deyil. Bu, keçmişlə bu gün arasında qurulan emosional bir körpüdür. O, milli simvolları çəkərək onları sadəcə göstərmir — onları yaşadır, qoruyur və gələcəyə ötürür.

    Onun əsərlərinə baxanda belə bir hiss yaranır: sanki zaman dayanır və biz öz köklərimizlə üz-üzə qalırıq.

    Sərgin mübarək, əziz Məlik Məmmədxanov. Təəssüf ki, bu dəfə sərgi açılışında yanında ola bilmədim, amma ürəkdən sevinirəm ki, sən öz yoluna sadiq qalmısan və bu yolu belə gözəl davam etdirirsən.

    Sənə yeni yaradıcılıq uğurları, daha böyük sərgilər və sənətində daha geniş üfüqlər arzulayıram. Əminəm ki, çəkdiyin hər əsərlə həm özünü, həm də bizim milli dəyərlərimizi bir az da irəli aparacaqsan.
    İnanıram ki, gec də olsa layiq olduğun dəyəri alacaqsan. Dəyər vermək dəyərlilərin işidir.
      
      Bilməyənlər bilməz bizi
      Bilənlərə salam olsun.

    Yolun açıq, ilhamın bol olsun, dostum.


    Nəvai Metin,
    UASB Azərbaycan təmsilçisi

    PAYLAŞ:

    Oxşar xəbərlər