Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.
Mədəniyyət Nazirliyindən LEQAL.AZ-a bildirilib ki, görüşdə Anar Kərimov bu günlərdə Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən müharibəsindən söz açıb, işğaldan azad olunan əzəli yurd yerimiz Qarabağın zəngin tarixi-mədəni irsə malik olduğunu, Azərbaycan mədəniyyətinin beşiyi olduğunu vurğulayıb. Eyni zamanda, Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycan mədəniyyətinə və irsinə dəymiş ziyan, vandalizm aktları barədə məlumat verib.
Azərbaycan ilə Meksika arasında müxtəlif istiqamətlərdə münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən A.Kərimov ikitərəfli mədəni əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Səmimi qəbula görə təşəkkürü bildirən səfir öz növbəsində fəaliyyəti dövründə Azərbaycan ilə Meksika arasında iqtisadi, siyasi və digər sahələrlə yanaşı, mədəniyyət sahəsində də əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.
Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş”-ə də toxunulub, mədəniyyət sahəsində mövcud əlaqələrə töhfə olaraq qarşılıqlı mədəniyyət günlərinin təşkili, hər iki ölkədə Azərbaycan və Meksikanın zəngin mədəniyyətlərinin təqdim edilməsi məqsədilə birgə layihələrin icrası məsələləri müzakirə olunub.
Sonda müvafiq sahədə inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.