Azərbaycanın təsviri sənət tarixində zaman-zaman böyük rəssamlar yetişmişdir. Onlar öz əsərləri ilə milli mədəniyyətimizi dünyada tanıtmaqla bərabər, özlərindən sonra gələn nəsillərə də sənət yolu açmışlar.
Bu gün də sələflərinin sənət işığında uğurlar qazanan, eyni zamanda Masallı şəhərində Vətən uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən Qəhrəmanlar Parkının müəllifi kimi tanına heykəltəraş, rəssam İlqar Balayev xalqın sevgisini qazanan aktirisa Mehriban Zəkinin büstünü hazırlayıb.
Mehriban Zəki 18 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və Kino Aktyorluğu" fakültəsini bitirmişdir. 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb.
2000-ci ildən 2011-ci ilədək "İbrus" Teatrında fəaliyyət göstərmişdir. 2005-2007-ci illərdə Milli Akademik Dram Teatrında işləmiş Mirmehdi Seyidzadənin əsərləri əsasında hazırlanmış "Füzuli və Əsmər" tamaşasında Əsməri oynamışdır.
1995-ci ildə Bişkəkdə keçirilən Ümümtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən "YUNESKO"-nun tədbiri olan Kitabi-Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmişdir.
O, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız ("Ümid"), Lətifə ("Otel otağı"), Elmira ("Ailə"), Gülya ("Məkanın melodiyası"), Teybə ("Küçələrə su səpmişəm"), Maya ("Əlvida, cənub şəhəri"), Nara ("Düyün"), Nərmin ("Yalançılar"). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış etmişdir.
Mehriban Zəki 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.