Niyaməddin Musayevin büstü hazırlanıb

Niyaməddin Musayevin büstü hazırlanıb
  • Mədəniyyət / Maraqlı

  • Heykəltəraş, rəssam Müstəqil Balayev Azərbaycanın Xalq artisti Niyaməddin Musayevin büstünü hazırlayıb.

    Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də İmişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından peşəkar səhnədə olan sənətkara, musiqiyə olan sevgi və maraq uşaq yaşlarından ona bu yolu seçməyə kömək edən amillərdən olub. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə keçirilən “Muğam-68” festivalının qalibi olub.

    1978-ci ildən “Röya” vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olub və həmin ildə ansamblın valı buraxılıb. Onun 1987-ci ildə “Dünya sənin, dünya mənim”, 1998-ci ildə “Vətən həsrəti” adlı albomları və bir diski buraxılıb. 1974-cü ildə “Şahnaz təsnifi” ifası ilə sənət aləmində daha çox tanınıb.

    Dünyanın bir çox ölkələrində dövlət qastrollarında milli xalq musiqimizi təbliğ edən müğənninin “Röya” vokal instrumental ansamblını yaratması, ilk növbədə, milli musiqimizlə Avropa musiqisinin sintezinə və müasir səpkidə xalqa çatdırılmasına xidmət edib. Həm də muğam ifaçısı olan Niyaməddin Musayev Ə.Bakıxanov, B.Salahov, Ə.Dadaşov, Ə.Quliyev, A.Məşədibəyov, H.Məmmədov və H.Bayramov kimi tanınmış sənətkarlarla çalışıb.

    Niyaməddin Musayev 1991-ci ildə “Naxçıvan MR-nın Əməkdar artisti” adına layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildə ona “Xalq artisti” fəxri adı verilib. 2000-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.


    PAYLAŞ:

    Oxşar xəbərlər