Xalq artisti Əlibaba Məmmədovun büstü hazırlandı

Xalq artisti Əlibaba Məmmədovun büstü hazırlandı
  • Mədəniyyət / Maraqlı

  • Azərbaycanın SSR-in Xalq artisti, musiqişunas alim, professor, görkəmli mədəniyyət xadimi, şöhrət və şərəf, istiqlal ordenli Əlibaba Məmmədovun büstü hazırlanıb.

    Leqal.az-ın məlumatına görə, büstü gənc heykəltəraş Müstəqil Balayev ərsəyə gətirib.

    Qeyd edək ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində almışdır.

    1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı alətləri ansamblını yaratmışdır və ömrünün sonuna kimi həmin ansambla rəhbərlik etmişdir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnmiş və muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınmışdır.

    Xanəndənin ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilmişdir.

    Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış "Yaşa, məhəbbətim, yaşa, ürəyim", "Gəl bizə, yar", "Bir dənəsən" və başqa mahnılar AzTV Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. Əlibaba Məmmədov 1963-cü ildən Bakı Musiqi Kollecində, 1988-ci ildən isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs demiş, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf etmişdir. Əlibaba Məmmədov həm də dəfələrlə muğam müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur.

    Əlibaba Məmmədov 25 fevral 2022-ci ildə 92 yaşında vəfat etmişdir. Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

    PAYLAŞ:

    Oxşar xəbərlər