“Xankəndi haqda indiyədək mahnı olmayıb. Bilirdim ki, seviləcək, içimdə belə hiss var idi”.
Bu sözləri axşam.az-a açıqlamasında son günlər hitə çevrilən "Kəndinə qayıdır Xan" mahnısından danışan müğənni Xatirə İslam deyib.
Xatirə bildirib ki, bəstənin müəllifi Şey Ree-yə ideyanı özü verib:
"O torpağa Xan yaraşır. Mahnını özümün tərifləməyim bir az yaxşı çıxmır. Xalq sözünü dedi. Müəllif Şəhriyar mədəni və istedadlı musiqiçidir. Necə təsəvvür etdimsə, elə də hazırladı. Həmin komanda ilə başqa işbirliyimiz də olacaq. Layihənin bu qədər uğurlu olması həm zəhmətimizin, həm də bizi sevənlərin, sənət dostlarımın dəstəyi nəticəsindədir. Ümumiyyətlə, məndə iki ildən bir belə hadisə olur. Mahnılarım sevilir, amma “partlayış” iki ildən bir baş verir. Dinləyicilərə yazdıqları xoş sözlərə görə təşəkkür edirəm, çalışdıq səmimi alınsın, bir növ sizlə musiqili söhbət etdik".
Mahnıda diqqət çəkən digər məqam isə hər kəsin ağdamlı bildiyi Xatirə İslamın Xankəndidə dünyaya gəldiyini açıqlaması olub. Sənətçi bu məsələyə belə aydınlıq gətirib:
"Atam Qubadlıdan, anam isə Şuşadandır. Valideynlərim Xankəndidə tələbə olublar. Məni də nənəm və babam Ağdamda saxlayıb. Mən Xankəndidə doğulmuşam, özümü oralı hesab edirəm. Bu aralar mənə çox mübahisəli zənglər gəlirdi ki, dəqiq de, haralısan? Mən Xankəndidənəm".