Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
Mədəniyyət Nazirliyindən LEQAL.AZ-a bildirilib ki, layihə çərçivəsində növbəti material Hacı Bədəl körpüsünə həsr edilib.
Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü XIX əsrdə Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilmişdir.
15 kəndin rayon mərkəzi ilə əlaqəsini təmin edən bu tarixi abidənin indiki vəziyyəti Qubadlının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı səbəbindən məlum deyil.
Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.