Xəbər verdiyimiz kimi, bu yaxınlarda müğənni Manaf Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edib. Sənətçinin sosial şəbəkələrdə yayılan videosu geniş müzakirə obyektinə çevrilib. Daxili İşlər Nazirliyi dərhal araşdırma aparaq qanunları heçə sayan müğənnini məsuliyyətə cəlb edib.
Bu gün məhkəmə qarşısına çıxarılan Manaf Ağayev və dostu, iş adamı Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad olunmuş ərazilərə səfər etdiklərinə görə 15 sutka həbs cəzasında məhkum olunublar.
Manaf Ağayevin sənət yoldaşlarından bir neçəsi onun həbs olunması ilə bağlı fikirlərini modern.az-la bölüşüb.
Xalq artisti Niyammədin Musayev Manaf Ağayevin sənətini sevdiyini, lakin onun qanunları pozmağına haqq qazandırmadığını deyib:
“Manafın özünü də, sənətini də sevirəm. Ancaq dövlətin qanunları var, onu pozmaq olmaz. Qanunlara tabe olmaq lazımdır. Onlar özbaşına getdiyi üçün cəzalandırıblar. Bizim nəsə xahiş etməyimiz düzgün deyil. Deyəcəklər ki, müğənnilərin hamısı qanunu bilmir və qaydaları pozurlar”.
Manaf Ağayevin həmyerlisi olan xanəndə Eldəniz Məmmədov isə hesab edir ki, azad olunmuş ərazilərə getmək qanunsuz səfər sayılmamalıdır:
“Allah köməyi olsun, tezliklə azadlıqda görək. Səfərlə bağlı danışarkən, qanunsuz sözünü işlətmək düzgün deyil. Quş olub uçub getməyib ki, postlardan keçib gedib. Hava limanına o cür girişi ajiotaj yaradıb. Ola bilsin ki, bu, qeyri-qanuni sayıla bilər. Bəzi işlər var ki, Manaf tərəfindən düzgün yerinə yetirilməyib. O məsələni açıqlamırlar, qanunsuz deyirlər”.