Türkiyədə yenidən güclü zəlzələ olub, dağıntılar altında qalanlar var

Türkiyədə yenidən güclü zəlzələ olub, dağıntılar altında qalanlar var
  • Maraqlı / Dünya

  • Türkiyənin Hatay vilayətində baş verən zəlzələlərdən sonra yaşayış binaları dağılıb, dağıntılar altında qalanlar var.

    "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Hatay bələdiyyə başçısı Lütfü Savaş NTV telekanalının efirində deyib.

    "Deyəsən, Defnedəki binalara ciddi ziyan dəyib. İnşallah, bu sonuncu olacaq. Dağıntılar altında qalanlar da var. Ümid edirəm ki, daha az itki ilə sovuşacağıq", - bələdiyyə rəhbəri qeyd edib.

    Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

    Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

    21:16
    Türkiyənin Hatay vilayətinin Defne rayonunda 6,4 maqnitudalı zəlzələ olub.

    "Report" xəbər verir ki, bu barədə ölkənin Kandili rəsədxanası məlumat yayıb.

    Fevralın 20-də yerli vaxtla saat 20:04-də qeydə alınan yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.

    Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.

    Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.

    Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 156 nəfərə çatıb, yaralı sayı 108 000 nəfər təşkil edir.

    Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

    Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

    Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

    Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər