Bəlkə də fevralın 6-da televiziya kanallarında görüntüləri izləyəndə sizin də ağlınızdan belə bir fikir keçib: "Deyəsən, dünyanın sonu çatıb axı". Bəli, bizə dünyanın sonu kimi görünən bu ağır, dəhşətli hadisə qardaş ölkədə, dəfələrlə təbii fəlakətlərin ağır nəticələri ilə üzləşən canımız Türkiyəmizdə baş verirdi.
Soyuq, şaxtalı bir gündə, Türkiyənin cənub-şərqində Kahramanmaraş vilayətində bir-birinin ardınca baş verən 7,4 - 7,6 bal olan gücü zəlzələ ürəyimizdə qanı, gözümüzdə yaşı dondurdu. Qəhər boğazımızda düyünləndi. Dəhşətli zəlzələnin qurbanlarının sayı artdıqca ürəyimizin sızıltısı da çoxalırdı. Hamımız sarsılmışdıq, hər birimiz sanki o binaların üstümüzə yıxıldığını hiss edirdik. Çünki dağıntılar altında qalanlar can, qan qardaşlarımızdır. Belə bir deyim var "dərd gələndə batmanla gəlir". Bəli, bu dəfə də Türkiyənin dərdi batmanla gəldi. Baş verən zəlzələdə həlak olanların və xəsarət alanların acısı təkcə Türkiyənin deyil, bizim ortaq acımızdır. Biz bunu öz kədərimiz kimi yaşayırıq. Hadisə ilə bağlı Prezident İlham Əliyev qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır: "Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çox sayda insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Allah rəhmət eləsin".
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib. Paylaşımda bildirilir: "Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbr diləyirəm". Eyni zamanda Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə xeyriyyəçilik fəaliyyəti ilə dünyada tanınan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göstərilir. Bununla əlaqədar faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimatlar və avadanlıqlar, eləcə də isti geyimlərlə humanitar yardım çatdıracaq Fondun Türkiyəyə ezam edilən əməkdaşları xüsusi təyyarə ilə yola salınıblar.
Dünyada az ölkə olar ki, Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın, yaxşı və pis gündə bir yerdə olsunlar. Eyni etnik kökə, tarixə, dilə və dinə malik iki qardaş ölkənin səmimi münasibətlərinə artıq bütün dünya şahiddir. Azərbaycanın Türkiyənin ağır günündə ilk yardıma gəlməsi də iki ölkə arasında münasibətlərin necə dərin olmasından xəbər verir və iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə olmasının əyani nümayişi kimi dəyərləndirilir.
Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri xilasetmə əməliyyatlarını davam etdirirlər.
Həmçinin, Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər "Qardaş köməyi" adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Ümumiyyətlə, Türkiyənin bu kədərli günündə nəinki dövlət qurumları, QHT-lər, uşaqdan-böyüyə hər bir azərbaycanlı ürək dolu sevgiləriylə qardaş, bacılarının yanındadırlar.
30 il işğal altında olmuş Azərbaycan torpaqlarının 2020-ci ildə dəmir yumruq əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında birliyin, həmrəyliyin təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaş dəstəyi mövqeyindən geri çəkilmədi.
Odur ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın ilk olaraq Türkiyənin yanında olması təbiidir. Bir sözlə, bu gün ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə kəlam deyil, gerçəklikdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Tezliklə, Türkiyə bu sınaqdan da üzüağ çıxacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. Tanrı hər iki dost, qardaş dövləti baş verəcək biləcək bütün bəlalardan qorusun. Yaşanılan hər bir çətin anda bizə dəstək, dayaq olan Türkiyənin sonsuza qədər yanındayıq. Acınız acımız, dərdiniz dərdimizdir. Başın sağ olsun, Türkiyə!
Xanım Əliyeva,
Mahmudavar kənd tam orta məktəbin direktoru