Azərbaycanda abonentlər köhnə qaz tarifindən bu ilin iyul ayının 10-dək istifadə edə biləcəklər. Bu tarixdən sonra qaz istehlakı yeni tariflə hesablanacaq.
LEQAL.AZ-ın məlumatına görə, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, iyulun 10-dək "Azəriqaz" sayğacların oxunuşunu, o cümlədən əvvəlcədən ödənişli sayğaclarda proqram təminatı ilə bağlı işləri həyata keçirəcək.
Xatırladaq ki, 30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.