Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.
LEQAL.AZ Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 341,1 milyon ABŞ dolları, Meksika ilə 41,6 milyon dollar, Ekvadorla isə 30,2 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən İspaniya və Meksika ilə ticarət dövriyyəsi azalıb, Ekvadorla artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədir. Cari ildə İspaniyadan idxalın dəyəri 65,1 milyon dollar, Meksikadan 41,4 milyon dollar, Ekvadordan isə 30,2 milyon dollar təşkil edib. Meksikadan idxal əməliyyatlarının dəyəri azalıb, İspaniya və Ekvadordan artıb.
Doqquz ayda ən çox məhsul ixrac edilən ispandilli ölkələr İspaniya, Argentina və Kolumbiyadır. İspaniyaya ixracın dəyəri 275,9 milyon dollar, Argentinaya 3,3 milyon dollar, Kolumbiyaya isə cüzi olub. İspaniyaya məhsul ixracı azalıb, Argentinaya isə artıb.