Paytaxt yollarında avtobus zolaqlarının çəkilməsinə yenicə başlanılıb. Hələ şəhərin çox az bir hissəsinə belə zolaqlar çəkilib. Bu, tıxacların qarşısının alınması üçün atılan addımdır.
Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan “Evimizdə” proqramında deyib.
O bildirib ki, bu zolaqların şəhərin heç dördə birini təşkil etmir:
“Daha dəqiq desək, Bakıda cəmi 7 küçə və prospektdə avtobus zolaqları çəkilib. Həmin küçələrdə zolaqların qüvvədə olması vaxtla tənzimlənir.
Sıxlıq olan saatlarda həmin küçələrdə müvafiq olaraq əlavə avtobus zolaqları qüvvədə olur və həmin zolaqlara digər nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir.
Məsələn Bayraq meydanından Azneft istiqamətində olan yolda əlavə avtobus zolağı var, lakin əks istiqamətində o zolağa ehtiyac yoxdur. Karantin rejimində bu yolda sıxlıq çox müşahidə edilməsə də, şəhərin girişi olduğu üçün günün pik saatlarında bu yolda tıxac müşahidə olunur. Biz burada əlavə avtobus zolağının olmasını təklif etdik və səhər saat 07:00-dən axşam saat 20:00-a qədər bu zolağa digər nəqliyyat vasitələrinin girişi qadağandır. Saat 20:00-dan sonra isə nəqliyyat vasitələri rahat hərəkət edə bilər”.
“Paytaxtın elə küçələri var ki, orada bu zolaqların vaxtı yoxdur. Əlavə avtobus zolaqları 24 saat qüvvədədir. Məsələn, paytaxtın Qara Qarayev prospekti, Rəşid Behbudov küçəsində intensiv hərəkət nəzərə alınaraq çəkilən əlavə avtobus zolağına 24 saat kənar nəqliyyat vasitələrinin girişi qadağandır”, - deyə Mais Ağayev qeyd edib.(oxu.az)