Rusiyanın “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyası tərəfindən videokonfrans formatında Avrasiya regionunun audit və mühasibatlıq qurumlarının rəhbərlərinin iştirakı ilə “Cinayət yolu ilə əldə edilmiş gəlirin “yuyulması”na və kölgə iqtisadiyyatına qarşı mübarizədə müstəqil auditin rolunun artırılmasının əsas istiqamətlərinin işlənib hazırlanması üzrə peşəkar auditor və mühasibatlıq təşkilatlarının birgə səylərinin koordinasiyası üzrə işçi qrupu”nun iclası keçirilib. İclasda Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, palata sədrinin müşaviri Fəqan Qarayev, palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov və işçi qrupunun üzvü, “Azel-Audit” MMC-nin direktor-auditoru Elzadə Süleymanova iştirak ediblər.
Auditorlar Palatasının mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, videokonfransın keçirilməsində məqsəd cinayət yolu ilə əldə edilmiş gəlirin “yuyulması”na və kölgə iqtisadiyyatına qarşı mübarizədə peşəkar audit və mühasibatlıq qurumlarının birgə səylərinin əlaqələndirilməsi və müstəqil auditin rolunun bu sahədə artırılması, PL/TMM (Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə) və audit xidmətlərinin keyfiyyətinə nəzarətin hüquqi əsaslarının təkmilləşdirilməsi olub.
Latviyanın Mühasiblər Assosiasiyasının prezidenti, bu ölkənin Audit üzrə Məsləhət Şurasının sədri Andrey Ponomaryov çirkli pulların “yuyulması” və cinayətdən əldə olunan gəlirlərin leqallaşdırılması ilə mübarizə sahəsində beynəlxalq mühasiblər və auditor birliklərinin köməyinin əhəmiyyətindən danışıb.
Qırğızıstanın Mühasiblər və Auditorlar Birliyi Şurasının üzvü, “V.Jacobs-Audit" QSC-nin direktoru Qalina Rostokinanın ölkəsinin auditor cəmiyyətinin cinayət yolu ilə əldə edilmiş gəlirin “yuyulması”na qarşı mübarizə tədbirləri sistemindəki rolu haqqında olan çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qazaxıstanın Auditorlar Palatasının üzvü, auditoru, peşəkar mühasibi, mühasiblər və sahibkarlar üçün portalın layihə rəhbəri Elena Rozinkina ölkəsində cinayət yolu ilə əldə edilmiş gəlirin “yuyulması” və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləri sisteminin səmərəli tətbiq edilməsi yollarını açıqlayıb.
Daha sonra Özbəkistan Milli Mühasiblər və Auditorlar Assosiasiyası Şurasının sədri Minovar Maxkamovna çıxış edərək ölkənin cinayət yolu ilə əldə edilmiş gəlirin “yuyulması” və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində iqtisadi təhlükəsizliyin təmin edilməsi yollarının auditi və maliyyə monitorinqi barədə danışıb.
Sonda iclas iştirakçıları tərəfindən mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və mövcud problemlərin həlli üçün təkliflər hazırlamaq məqsədilə müvafiq regional qrupların birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.