“Caspian Business Award 2020” beynəlxalq mükafatının təqdimetmə mərasimi olub

“Caspian Business Award 2020” beynəlxalq mükafatının təqdimetmə mərasimi olub
  • İqtisadiyyat

  • “Caspian Business Award 2020” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev deyib. O bildirib ki, ilin yekunlarına görə mükafat COVID-19 pandemiyası dövründə Azərbaycan və Xəzər-Qara dəniz regionu ölkələrinin iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə təqdim olunub. Nominantlar 1500-dən çox şirkətlərin yüksək və orta səviyyəli menecerləri arasında keçirilən sorğu əsasında müəyyənləşib.

    Tədbirdə diplomatik missiyaların nümayəndələri, dövlət qurumlarının, nazirliklərin, “Caspian Energy Club”un üzv şirkətlərinin rəhbərləri iştirak ediblər.

    “Biznes-hökumət dialoqunun inkişafındakı töhfələrə görə” nominasiyasında mükafat əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadəyə, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədova və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova təqdim olunub.

    Daha sonra “Caspian Business Award 2020” mükafatı “Azəriqaz” İB-yə ilin qaz təminatçısı, “Azərişıq” ASC-yə ilin enerji şirkəti, “Gazelli Group”a ilin yerli kosmetika istehsalçısı, “ASE Asya Afrika hızlı kargo ve dağıtım”a ilin nəqliyyat şirkəti, “Azərçay”a ilin çay istehsalçısı, “Azpetrol Ltd” şirkətinə ilin yanacaqdoldurma məntəqələri, “Debet Safety” şirkətinə ilin fərdi mühafizə vasitələri istehsalçısı, “Kartaş LTD” MMC-yə ilin tikinti materialları istehsalçısı, “Delta Group C.O.” MMC-yə ilin FMCG şirkəti nominasiyalarında qalib gəldiklərinə görə və Azərbaycanın Qazaxıstandakı Ticarət Evinə Azərbaycan məhsullarının Qazaxıstan bazarına ixrac edilməsinə mühüm töhfə verdiyinə görə təqdim olunub.

    Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

    Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Klubun mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
    PAYLAŞ:

    Oxşar xəbərlər