“Kapital Bank” korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan “YAŞAT” Fonduna vəsait ayırıb. Bank fondun hesabına yardım məqsədilə 500 min manat məbləğində vəsait köçürüb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılan “YAŞAT” Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi “Kapital Bank” da müəyyən məbləği qeyd olunan hesaba köçürüb. Həmçinin “PAŞA Qrup” şirkətləri tərəfindən “YAŞAT” Fonduna ümumilikdə 2 milyon manat vəsait ianə edilib.
Qeyd edək ki, ölkəmizin başçısı tərəfindən yaradılan fondun əsas məqsədi Vətən müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların və şəhidlərin ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi, maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsidir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.