İyunun 18-də futbol üzrə Avropa çempionatının qrup mərhələsində ikinci turun daha üç qarşılaşması keçiriləcək.
LEQAL.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq birinci oyunda E qrupunda yer alan İsveç seçməsi Slovakiya ilə qarşılaşacaq. Sankt-Peterburqda keçiriləcək oyunu almaniyalı referi Marko Frits idarə edəcək.
İsveç millisi birinci oyunda İspaniya seçməsi ilə qolsuz heç-heçə edib. Slovakiyalılar isə ilk oyunda Polşa seçməsini 2:1 hesabı ilə məğlub edib. Slovakiya yığması bu oyunda qalib gələcəyi təqdirdə səkkizdəbir finala vəsiqəni təmin edəcək.
Bakı vaxtı ilə saat 20:00-da start götürəcək ikinci qarşılaşma Qlazqo şəhərindəki “Hempden Park” stadionunda oynanılacaq. Xorvatiya millisi Çexiya yığması ilə üz-üzə gələcək. Görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. İlk turda Xorvatiya seçməsi İngiltərəyə minimal hesabla uduzub, Çexiya isə Şotlandiyanı 2:0 hesabı ilə üstələyib. Qələbə çexiyalıları pley-offa çıxaracaq.
Günün saat 23:00-da başlayacaq sonuncu görüşündə E qrupunun favoriti İngiltərə yığması Şotlandiya ilə qarşılaşacaq. Londondakı “Uembli” stadionunda keçiriləcək matçı ispaniyalı Antonio Migel Mateu Laos idarə edəcək.
Xatırladaq ki, Bakı Olimpiya Stadionu iyunun 20-də İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.
“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.