Ümumdünya Şahmat Olimpiadası 2024-cü ildə Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək.
LEQAL.AZ xəbər verir ki, bununla bağlı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyasında qərar qəbul olunub.
Şahmat Olimpiadası bundan əvvəl Gürcüstanda təşkil edilib. Bu il Rusiyada keçirilməsi planlaşdırılan Olimpiada isə koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb. Növbəti analoji yarışın 2022-ci ildə Belarusda təşkili nəzərdə tutulsa da, sonda bu ölkə turnirdən imtina edib.
Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq hər iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı il Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə keçirilib.