Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi 2021-ci ildə keçiriləcək yarış zamanı koronavirus əleyhinə tədbirlər haqqında hesabat hazırlayıb.
LEQAL.AZ xəbər verir ki, bu barədə təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.
Oyunlar zamanı idmançılardan davranış qaydalarına riayət etmələri tələb olunacaq. Xüsusilə, idmançılara hər hansı bir fiziki təmas qadağan ediləcək. Bununla yanaşı, atletlər, müntəzəm olaraq koronavirus müayinəsindən keçməli, yarışlarda və ya məşqdə olmadıqda maska taxmalıdırlar.
İdmançılar çıxışlarını bitirən kimi mümkün infeksiyanın qarşısını almaq üçün ölkəni tərk etməli olacaqlar. Onların Tokioda qalması və Oyunları tamaşaçı kimi izləməsi qadağan ediləcək.
Xatırladaq ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 5-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarış bir il təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.