Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki oyunları təxirə salınıb.
LEQAL.AZ xəbər verir ki, buna koronavirus pandemiyasının geniş yayılması səbəb olub.
Seçmə mərhələnin “F” qrupunda Monteneqro, Gürcüstan və Yunanıstanla qarşılaşmalı olan yığmamızın matçları 2021-ci ilin yanvarına planlaşdırılmışdı. Komandalar yanvarın 7-9-da Gürcüstanda birinci, ayın 15-17-də Monteneqroda ikinci dövrənin qarşılaşmalarını keçirməli idi.
Lakin Avropa Voleybol Konfederasiyası (CEV) turniri 4 ay sonraya təxirə salınıb. İki dövrənin qarşılaşmaları mayın 2-dən 16-dək olan müddəti əhatə etməlidir.
Qeyd edək ki, seçmə mərhələnin 7 qrupunun qalibi və ikinci yer sahiblərindən 5 ən yaxşı nəticəyə malik yığma final mərhələsinə vəsiqə qazanacaq. Yarışın ev sahibləri Polşa, Estoniya, Finlandiya və Çexiya həlledici raunda birbaşa yüksəliblər. Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika isə “Avro-2019”un nəticələrinə əsasən seçmə oyunlarından azaddır.