Böyük Dəbilqə: Azərbaycan millisinin 8 cüdoçusu mübarizəyə başlayacaq

Böyük Dəbilqə: Azərbaycan millisinin 8 cüdoçusu mübarizəyə başlayacaq
  • İdman

  • Türkiyənin Antalya şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri bu gün start götürəcək.

    İlk gündə Azərbaycanın 8 idmançısı 5 çəki dərəcəsində qüvvəsini sınayacaq.

    Kişilərin yarışında 60 kq-da Nazir Talıbov mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. 22 yaşlı cüdoçu çexiyalı David Pulkrabeklə qarşılaşacaq.

    Eyni çəkidə çıxış edən Kəramət Hüseynov komanda yoldaşından fərqli olaraq, ilk raunddan azaddır. O, 1/16 finalda rəqibini gözləyir. Gənclər arasında Avropa çempionunun rəqibi Muhammadsoleh Quvatov (Tacikistan) - Dilşodbek Baratov (Özbəkistan) görüşünün qalibi olacaq.

    66 kq çəkidə də Azərbaycanın iki cüdoçusu yarışacaq. Yaşar Nəcəfov 1/32 finalda İtaliya idmançısı Fabio Basillə münasibətlərinə aydınlıq gətirəcək.

    Böyük Dəbilqənin üçqat qalibi Orxan Səfərov mübarizəyə 1/16 finaldan qoşulacaq. 32 yaşlı Avropa çempionu bu raundda Hekim Aqamammedov (Türkmənistan) - Antoni De Anqelis (Latviya) cütlüyünün qalibini sınağa çəkəcək.

    Qadınların yarışında 48 kq çəkidə Azərbaycanı iki cüdoçu təmsil edəcək. Leyla Əliyeva 1/32 finalda Mariya Buyoku (Ukrayna), Könül Əliyeva isə 1/16 finalda Mari Di Varqas Leyi (Çili) üstələməyə çalışacaq.

    52 kq çəkidə çıxış edəcək Gültac Məmmədəliyeva 1/32 finalda kanadalı Kelli Dequçi ilə görüşəcək. Martın 24-də Gürcüstanda keçirilən Böyük Dəbilqəni bürünc medalla başa vuran Məmmədəliyeva Kanada idmançısını məğlub edərsə, növbəti raundda cənubi koreyalı Kanq Yujeonqla qarşılaşacaq.

    Fidan Əlizadə də yarışa 1/32 finaldan başlayacaq. 57 kq çəkidə Yulia Kovalçuku (Polşa) sınağa çəkəcək yeniyetmələr arasında Avropa çempionu olmuş Əlizadə bu mübarizədən qalib ayrılsa, 2022-ci ildə Bakıda keçirilən Böyük Dəbilqəni qazanan Krista Dequçiyə (Kanada) rəqib olacaq.

    Qeyd edək ki, Böyük Dəbilqəyə aprelin 2-də yekun vurulacaq./report
    PAYLAŞ:

    Oxşar xəbərlər