Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
Leqal.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Şamaxıda olacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 20 xalla 6-cı, paytaxt klubu 14 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək çempionatda 18 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 7-də "dənizçilər" qələbə qazanıb. Topların nisbəti bərabərdir - 20:20. “Şamaxı” Premyer Liqadakı son 5 görüşdə rəqibinə uduzmayıb. Son üç qarşılaşmada 3 və ya daha çox qol vurulub.
Günün ikinci qarşılaşmasında lider "Qarabağ" "Sabah"ı qəbul edəcək. 58 xala malik olan "köhlən atlar"a çempionluğu rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək. 35 xalla "Qəbələ" ilə birlikdə 4-5-ci yerləri bölüşdürən qonaqlar isə avrokubok iddiasını davam etdirmək niyyətindədir. Bu görüş tərəflərin Premyer Liqada 15-ci dueli olacaq. Əvvəlki 14 oyunun 11-də Ağdam təmsilçisi qələbə qazanıbsa, 3 matçda heç-heçə qeydə alınıb. “Sabah” indiyədək qalib gələ bilməyib.report
Azərbaycan Premyer Liqası, XXV tur
3 may
16:30. “Şamaxı” – “Səbail”
Şamaxı şəhər stadionu
19:00. “Qarabağ” – “Sabah”
“Azersun Arena”
Qeyd edək ki, tura mayın 4-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" oyunları ilə yekun vurulacaq.