Bakı Dövlət Universitetinin (BDU) Bakıda beş gün əvvəl itkin düşmüş tələbəsi İlkin Qənbərli Azərbaycan Güləş Federasiyasının və millimizin idmançısı olmayıb.
"Leqal.az" Oxu.az-a istinadla xəbər verir ki, BDU-nun Geologiya fakültəsində təhsil alan İlkin Qənbərlinin güləş üzrə dünya və Avropa çempionu, ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında qalib olduğu bildirilir.
Federasiyanın mətbuat xidmətinin rəhbəri Sərxan Musalının saytımıza verdiyi açıqlamaya görə, bu tələbənin federasiyaya heç bir aidiyyəti yoxdur:
“Ola bilər ki, o, güləşlə məşğul olsun. Ancaq belə bir idmançının peşəkar səviyyədə heç bir uğuru olmayıb. Mətbuatda görürük ki, onu Avropa çempionu kimi təqdim edirlər. Bu, yanlış informasiyadır. Məlumatın yanlışlığı həm də ondan ibarətdir ki, ötən il Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilərin Avropa çempionatı keçirilməyib. Həmin yarış Şimali Makedoniyanın paytaxtı Skopyedə baş tutub və belə bir idmançı heyətdə yer almayıb. Yaxşı olar ki, belə məlumat olanda bizim federasiya ilə əlaqə saxlayıb dəqiqləşdirmə aparılsın”.
Qeyd edək ki, məlumata görə, güləşçi tələbə martın 1-də sonuncu dəfə dostları ilə görüşərək Polşaya gedəcəyini deyib. Bundan sonra ondan xəbər olmayıb.