Yeni gənclər və idman naziri kimdir

Yeni gənclər və idman naziri kimdir
  • İdman

  • Xəbər verdiyimiz kimi, Fərid Qayıbov yeni gənclər və idman naziri təyin olunub.

    Bəs yeni nazir kimdir? LEQAL.AZ onun tərcümeyi-halını təqdim edir:

    1979-cu ilin aprelin 24-də Bakıda anadan olub. Fərid Qayıbov 1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Dövlət İqtisad İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub.

    1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib.

    2014-cü ildə Sankt-Peterburqda P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

    2021-ci ildə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub. Proqram Beynəlxalq Olimpiya Komitəsi, “Olimpiya Həmrəyliyi” və Avropa Olimpiya Komitələri tərəfindən dəstəklənir.

    2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin anbarında işləyib.

    2001-2003-cü illərdə “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışıb.

    2013-cü ildən Milli Olimpiya Komitəsinin üzvü olan Fərid Qayıbov 2005-2006-cı illərdə Azərbaycan Gimnastika Federasiyasının baş meneceri, daha sonra baş katibi vəzifəsində çalışıb. O, 2017-ci ilədək bu vəzifədə çalışıb. Belə ki, Fərid Qayıbov 2017-ci ilin dekabrından Avropa Gimnastika İttifaqının (indiki Avropa Gimnastikası – S.M.) prezidenti seçilib.

    O, Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olub.

    2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

    Ailəlidir, iki oğlu və bir qızı var.
    PAYLAŞ:

    Oxşar xəbərlər