Ölkə ərazisində, xüsusən onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstə üzvlərinin müəyyənləşdirilərək tutulması istiqamətində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə LEQAL.AZ-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya insan həyatında bərpası mümkün olmayan fəsadlar yaradan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Təəssüf ki, bu bəlaya ilk olaraq gənclər və yeniyetmələr yoluxurlar. Narkotik maddə alverçiləri bu yaş kateqoriyasına aid insanları asanlıqla öz girovlarına çevirməyə nail olurlar.
Dünya miqyasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi sahəsində hüquqazidd əməllərin qarşısının alınması istiqamətində ciddi addımlar atılsa da, “ağ ölüm”ün daha geniş miqyasda yayılmasının metodları gündən-günə yenilənir. Xüsusən XX əsrin sonu XXI əsrin əvvəllərindən başlayaraq yaşanan elmi-texniki tərəqqi nəticəsində gənclərin kütləvi şəkildə texnoloji yeniliklərə maraq göstərməsi bir tərəfdən təqdirəlayiq hal kimi qiymətləndirilsə də, narkotik vasitələrin də zaman məkan anlayışı tanımadan geniş relyefdə yayılmasına yol açılıb. Xüsusən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər qısa zamanda psixoloji problemləri olan, düzgün tərbiyə üsulları ilə böyüməyən və sonda sosial şəbəkələrə üz tutan gənc nəslin “əməyindən” öz çirkin əməlləri üçün istifadə edirlər. Belə olan halda bu qəbildən insanlar narkotiklərin satışı ilə məşğul olan şəxslərin sosial şəbəkələrdə onlara narkokuryerlik təklifini asanlıqla qəbul edirlər.
Rəhbərləri xarici ölkələrdən birində olan, ümumilikdə 32 nəfərdən ibarət cinayətkar şəbəkənin narkotik vasitələrin onlayn satışı ilə məşğul olması barədə Baş İdarəyə verilmiş əməliyyat məlumatları əsasında silsilə tədbirlər həyata keçirilib. Nəticədə onlayn yolla narkotik vasitə və psixotrop maddələrin Azərbaycan ərazisində satışını təşkil edən mütəşəkkil dəstənin 27 üzvü əməliyyat zamanı saxlanılıb. Beş nəfər isə axtarışdadır. Araşdırma zamanı müəyyənləşdirilib ki, adları istintaqa məlum olan və xaricdə yaşayan dəstənin rəhbərləri narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Dəstə üzvləri müxtəlif üsullardan istifadə edərək verilən tapşırıqlar əsasında narkotik vasitələri Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib “WhatsApp” ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər.
Qeyd edək ki, mütəşəkkil dəstəyə daxil olan və saxlanılan şəbəkə üzvləri öz aralarında gizliliyi saxlamaq və polis əməkdaşlarının diqqətindən yayınmaq üçün real həyatda bir-biriləri ilə ünsiyyətdə olmayıblar. Ancaq sosial şəbəkələrlə əlaqə saxlayan dəstə üzvlərinin hər birinin özünəməxsus kod adları da olub. Mütəşəkkil dəstənin başçıları narkokuryerliyə gənc qızları cəlb etməkdən də çəkinməyiblər. Təsadüfi deyil ki, saxlanılan 27 nəfərdən 7-si qadındır.
Baş İdarədə dəstə üzvləri ilə bağlı keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində onların narkotik vasitələrin satışı ilə bağlı aralarındakı gizli sövdələşmələri sübut edən yazışmalar, eləcə də Bakı şəhərinin demək olar ki, hər bir rayonunda mövcud olan və narkotik vasitələrin tədarük edildiyi saxlanc yerləri müəyyənləşdirilib. Baş İdarə əməkdaşlarının həmin məkanlara baxış keçirdikləri zaman külli miqdarda heroin, tiryək, marixuana, habelə metamfetamin, kokain, yüksək təsiredici psixotrop tərkibli dərmanlar, ekstazi həbləri, həmçinin narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri bank kartları, ödəniş qəbzləri, müxtəlif ölkələrə məxsus mobil nömrələr və sair sübutlar aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin hər biri narkotik vasitələrin aludəçisidir. Bu isə onların asanlıqla natrkotiklərin satışı ilə məşğul olan şəxslərdən asılı vəziyyətə düşməsinə səbəb olub və onlardan narkokuryer kimi istifadə edilib.
İfşa edilən mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Hazırda dəstə üzvləri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə icraat davam etməkdədir.