DSX: Doqquz kiloqrama yaxın narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb - FOTO

DSX: Doqquz kiloqrama yaxın narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb - FOTO
  • Hadisə

  • Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitələrin və silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində son günlərdə 8 kiloqram 920 qram narkotikə bənzər maddənin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb, eyni zamanda, 3 ədəd gizlədilmiş odlu silah aşkarlanıb.

    Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən LEQAL.AZ-a bildiriblər ki, yanvarın 14-də Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd sahibsiz bağlama aşkarlanıb. Baxış zamanı bağlamada çəkisi 8 kiloqram 350 qram narkotikə (5 kiloqram 900 qram “tiryək”, 1 kiloqram 700 qram “metamfetamin” və 750 qram “heroin”) oxşar maddənin olması müəyyənləşdirilib.

    Yanvarın 26-da Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsi xidmətində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağlanılmış 1 ədəd torbanın içərisində çəkisi 570 qram marixuanaya oxşar maddə və 2 blok “Marllboro” markalı siqaret aşkarlanıb.

    Yanvar ayında DSX və Daxili İşlər Nazirliyinin əməkdaşlarının sərhədboyu ərazilərdə həyata keçirdikləri tədbirlər nəticəsində Astara rayonunun Alaşa kəndinin ərazisində su kanalında gizlədilmiş 1 ədəd Almaniya istehsalı olan 8 millimetr çaplı “Perfecta” markalı tapança, Qəbələ rayonunun Tikanlı kəndinin ərazisində “Qaraçay” çayının sahilində yerləşən meşəlikdə 1 ədəd 16 millimetr çaplı təklüləli ov tüfəngi və ona məxsus 6 ədəd patron, Ağstafa rayonunun Sadıqlı kəndinin ərazisində “Qarayazı” dövlət meşə qoruğu massivində 1 ədəd 16 millimetr çaplı qoşalüləli ov tüfəngi aşkarlanaraq götürülüb.

    Bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər