Məktəblərdə problem yaşadığı deyilən şagirdlərlə bağlı RƏSMİ AÇIQLAMA: “Müəllimə töhmət verilib”

Məktəblərdə problem yaşadığı deyilən şagirdlərlə bağlı RƏSMİ AÇIQLAMA: “Müəllimə töhmət verilib”
  • Hadisə

  • “Qızımı müəllimi tərəfindən mütəmadi olaraq fiziki və psixoloji şiddətə məruz qaldığı üçün məktəbdən uzaqlaşdırmaq məcburiyyətində qalmışam”.

    Bu sözləri jurnalist Günel Musa sosial şəbəkə hesabında yazıb. 

    Onun sözlərinə görə, paytaxtın 249 tam orta məktəbinin üçüncü sinfində təhsil alan qızı artıq bir aydır ki, dərsə getmir:

    “Sinfin müəllimi Afət Tağıyeva səkkiz yaşlı uşağa 23 uşağın içində təzyiq göstərir. Dəmir xətkeşlə vuraraq əlini yaralamışdı. Uşağımın psixologiyası pozulub. Hazırda məktəbə getmir. Lakin o müəllim işinə davam edir. Sistem də açıq olmadığı üçün başqa məktəbə yerləşdirə bilmirəm”. 

    Məsələ ilə bağlı adıçəkilən məktəbdən “Qafqazinfo”ya bildirilib ki, məktəbin ibtidai sinif müəlliminin üçüncü sinif şagirdinə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən sosial şəbəkədə yayılan məlumatla əlaqədar 249 nömrəli tam orta məktəbdə (24-25 yanvar tarixlərində) araşdırma aparılıb. Araşdırma zamanı müəllimin şagirdə psixoloji təzyiq göstərmədiyi, dərsə məsuliyyətsiz yanaşdığı üçün tənbeh etdiyi məlum olub:

    “Məktəb rəhbərliyi tərəfindən uşağa fərdi yanaşmadığına, yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”na riayət etmədiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən, müəllimə töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlər görüləcəyi bildirilib”.

    Övladının məktəbdə problem yaşadığını bildirən digər valideyn isə yazıçı Cəlil Cavanşirdir. Bununla əlaqədar paylaşım edən C.Cavanşirin iddiasına əsasən, Binə qəsəbəsində yerləşən 334 saylı tam orta məktəbdə, 10-cu sinifdə təhsil alan oğluna qarşı sinif yoldaşları tərəfindən qısnama edilib:

    “Bədən tərbiyəsi müəllimi Sahib Cəfərov da şagirdlərə qoşulub. Artıq neçənci haldır ki, oğlum müəllimlərin davranışından, yanaşmasından şikayət edir”.

    Bu ittihamlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər