Qırğızıstanla Tacikistan arasında sərhəddə silahlı insident qeydə alınıb. Bu barədə Qırğızıstanın "AKIpress" xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, Qırğızıstan vətəndaşları Batken vilayətinin Batken rayonunun Koço-Boyu ərazisində tikinti işləri aparıblar. Hadisə yerinə gələn Tacikistan sərhədçiləri tikintinin dayandırılmasını tələb etməyə başlayıblar. Daha sonra mübahisə davaya çevrilib. Dava zamanı tacik hərbçilərindən biri “Makarov” tapançasından havaya 4 dəfə atəş açıb.
Tərəflər birtərəfli araşdırmalar aparmaq və nəticələri ümumiləşdirmək üçün görüşmək barədə razılığa gəliblər. Hazırda sərhəddə vəziyyət sabitdir.
Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir, Sovet İttifaqının dağılmasından sonra onlarla mübahisəli hissələr qalıb. Bu səbəbdən iki respublikanın sakinləri ilə hərbçilər arasında vaxtaşırı silahlı münaqişələr baş verir.
İki dövlətin hökumət komissiyaları sərhədin demarkasiyası və delimitasiyası üzrə danışıqları davam etdirir./Report
LEQAL.AZ