Qazaxıstan paytaxtına Astana adının qaytarılması ilə əlaqədar olaraq göstərici lövhələrin dəyişdirilməsinə başlanıb.
LEQAL.AZ Qazaxıstan mediasına istinadla xəbər verir ki, “Kazavtojol” kompaniyasının məlumatına görə, bu günədək 100-ə yaxın informasiya pannosu dəyişdirilib.
“Paytaxtın adının dəyişdirilməsi ilə əlaqədar respublika əhəmiyyətli avtomobil yolları boyunca 467 məlumat lövhəsinin yenilənməsi planlaşdırılır”, - deyə kompaniyadan bildiriblər.
Qeyd edək ki, sentyabrın 17-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nur-Sultan şəhərinin Astana adlandırılması barədə fərman imzalayıb. Bununla da şəhərin adı altıncı dəfə dəyişdirilib. 1830-cu ildə kazak qəsəbəsi olaraq əsası qoyulmuş şəhər əvvəlcə Akmolinsk, 1961-ci ildə isə Selinoqrad adlandırılıb. 1992-ci ildə ona Akmola adı verilib.
1997-ci ilin dekabrında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə paytaxt Almatıdan Akmolaya köçürülüb və şəhərin adı Astana (qazax dilindən tərcümədə - paytaxt) olaraq dəyişdirilib. 2019-cu ilin martında Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə ölkə paytaxtı Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılıb.