Azərbaycançılıq ideyasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi üçün dünyaya səpələnmiş soydaşlarımızın Vətənlə əlaqələrinin, xüsusilə, ölkəmizin bütün məsələlərdə milli maraqlarının və tarixən formalaşmış mənəvi dəyərlərinin qorunması məqsədilə diaspor quruculuğu sahəsində bir sıra mühüm addımlar atıldı. Bu baxımdan, Ulu Öndərin 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlarının I Qurultayının keçirilməsi haqqında 23 may 2001-ci il tarixli Sərəncamı diaspor quruculuğu sahəsində həlledici mərhələ oldu. Bu fəaliyyətin nə qədər ciddi və genişmiqyaslı olduğunu “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi bir daha təsbit etdi.
Müdrik şəxsiyyətin 2002-ci il dekabrın 27-də imzaladığı Fərman diaspor siyasətinin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən etdi. Qanunda Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin səmərəliliyinin artırılması, diasporumuzun təşkilatlanması, dünya azərbaycanlılarının birliyinin yaranması, dövlətimizin bu sahədə apardığı siyasətin təbliğinə nail olmaq kimi konkret məqsəd və vəzifələr yer alır. Bir qədər əvvəl isə – 2002-ci il iyulun 5-də ümummilli lider Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” imzaladığı Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur.
Hazırda xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri, dövlət siyasətinin prinsipləri, Azərbaycanın milli maraqları rəhbər tutulmuş, bu prosesi keyfiyyətcə yeni müstəviyə çıxarmaq məqsədilə diaspor quruculuğu sahəsində nailiyyətləri ilə tanınmış digər xalqların təcrübəsindən faydalanmaqla, tarixi və regional faktorlarla yanaşı, mövcud siyasi reallıqlar, eyni zamanda, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almaqla Diasporla İş üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət göstərir. Heç şübhəsiz ki, komitənin təşkilatlandırma, təbliğat və maarifçilik meyarlarına söykənən ümumi strategiyası dünya azərbaycanlılarını yeni platformalarda birləşdirir. Bu baxımdan, hər bir diaspor təşkilatının qarşısına qoyduğu əsas məqsəd ölkəmizin milli maraqlarını beynəlxalq münasibətlər sistemində uca tutmaq, ictimai, siyasi və mədəni sahələrdə təbliğ etmək, geniş əlaqələr yaratmaqla düşünülmüş ideoloji fəaliyyət strategiyasını reallaşdırmaq və konkret nəticələr qazanmaqdır.
Dövlət Komitəsinin nəzdində yaradılmış Azərbaycan Diasporuna Dəstək Fondunun məqsədi dünyadakı diaspor təşkilatlarımıza maliyyə dəstəyi göstərməkdir. Bununla yanaşı, xarici ölkələrdə diasporun təşkilatlanmasına xidmət edən 12 Koordinasiya Şurası yaradılmışdır ki, bunlar da ümumilikdə, 26 ölkəni əhatə edir. ABŞ və Türkiyədə şuraların təsis edilməsi məqsədilə işçi qrupu yaradılmış və bu istiqamətində fəaliyyət “Strateji Yol Xəritəsi”nə uyğun şəkildə davam etdirilir.
Qeyd etmək vacibdir ki, son illərdə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bir sıra mühüm tədbirlər görülmüş, Azərbaycan icmalarına türk diasporunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirak etmək tövsiyə olunub. Keçirilən tədbirlərin daha da uğurlu alınmasında və diasporlar arasında münasibətlərin uzunmüddətli qurulmasında Azərbaycan və Türkiyənin dövlət başçılarının da bu istiqamətdə ictimai-siyasi fəaliyyətləri ilə hər zaman vahid platformadan çıxış etməsi diqqəti cəlb edir.
“Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”nda nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsi, diasporlarımız arasında əlaqələrin get-gedə möhkəmlənməsi, xüsusilə, vahid platformadan çıxış etməsi hər iki dövlətin daim bir-birinin yanında olmasının bariz nümunəsidir. Biz buna Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq ölkə Prezidentinin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları zamanı, xüsusilə, 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətlərində, həmçinin dünya informasiya məkanına operativ və obyektiv məlumatların çatdırılmasında da şahid olduq.
Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaratmışdır. İqtidar-müxalifət dialoqunun inkişafı Prezident İlham Əliyevin dövlətçilik siyasətinin prioritet istiqamətlərindəndir.
İlqar Qurbanov,
Masallı Rayon Mərkəzi Xəstəxanası Uşaq şöbəsinin müdiri