ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan soydaşlarımız işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Hyuston şəhər meriyasının binası qarşısında icazəli aksiya keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən LEQAL.AZ-a bildiriblər ki, ABŞ-Azərbaycan Qarabağ Atları Xilası Birliyi (USACRA), Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan aksiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan bayrağı ilə yanaşı, dost ölkələrin bayraqlarının da dalğalandırıldığı aksiyada Bərdə və Gəncə şəhərlərində ermənilərin törətdiyi vandalizm aktları kəskin şəkildə pislənilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İşğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda yaşayan dinc sakinləri hədəfə almasının insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti və soyqırımı olduğunu xatırladan aksiya iştirakçıları dünya ictimaiyyətini işğalçı ölkənin hərbi təxribatlarına biganə qalmamağa səsləyiblər.
Aksiyada “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına son!”, “Erməni terrorçuluğuna son!”, “Uşaq ölümünə son!”, “Gəncə üçün dua et!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Bərdə üçün dua et!” və s. kimi şüarların əks olunduğu plakatlar qaldıran həmvətənlərimiz Azərbaycanın haqlı mübarizəsinə hər cür dəstək verməyə hazır olduqlarını bildiriblər.