“Heydər Əliyev Müstəqil Azərbaycanın banisidir” mövzusunda onlayn konfrans keçirilib

“Heydər Əliyev Müstəqil Azərbaycanın banisidir” mövzusunda onlayn konfrans keçirilib
  • Cəmiyyət

  • Mayın 10-da "Heydər Əliyev Müstəqil Azərbaycanın banisidir" mövzusunda onlayn konfrans keçirilib.

    LEQAL.AZ xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransda Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək azərbaycançılıq məfkurəsinin mahiyyətindən, Azərbaycanın müstəqil dövlət olaraq formalaşmasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Ümummilli Liderimiz hər zaman gənclərə inanıb, onların inkişafı və yaxşı təhsil almaları üçün dəstək olub. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də gənclərə qayğı ilə yanaşır, onların hərtərəfli inkişafına öz dəstəyini əsirgəmir.

    Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti və Gəncə İdman Klubu ictimai birliyinin rəhbəri Elvar Osmanov, Azərbaycan İdman Könüllüləri ictimai birliyinin sədri Miraqil Seyidzadə çıxış edərək Heydər Əliyevin ölkədə demokratik islahatlara və insan hüquqlarının qorunmasına göstərdiyi diqqətdən, həyata keçirilən uğurlu gənclər siyasətindən və gənclərin ictimai-siyasi proseslərdə göstərdikləri fəallıqlardan, Azərbaycan gəncliyinin fiziki inkişafına, sağlamlığına, hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə göstərdiyi qayğıdan danışıblar.

    Sonda bildirilib ki, Ümummilli Liderin əziz xatirəsi hər zaman hörmətlə anılacaq və onun azərbaycançılıq məfkurəsi xalqımız tərəfindən daim qorunacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər