Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğalçı düşməni torpaqlarımızdan qovub və ərazi bütövlüyümüzü bərpa edib. Həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri, qazilər, müharibədən fiziki-mənəvi əziyyət çəkən insanlar hər zaman ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunublar. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı daim diqqət mərkəzində saxlanılır.
LEQAL.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, bu çərçivədə, xəbər verildiyi kimi, nazirliyin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər.
Bildiririk ki, Bakı şəhəri ilə yanaşı, aprelin 5-dən etibarən cənub bölgəsini əhatə etməklə Lənkəran şəhərində, aprelin 12-dən etibarən isə şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində türkiyəli psixoloq mütəxəssislərin iştirakı ilə müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası işinə başlanılacaq. Ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün nazirliyin 112 - qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.
Xatırladaq ki, bundan əvvəl Gəncə və Bərdə şəhərlərində də psixoloji yardımlar təşkil olunub.